Finlandiyanın paytaxtının yeni üçölçülü modeli yaradılıb VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
3D modellər vasitəsilə Helsinki “ağıllı şəhər”ə çevriləcək. Finlandiyanın paytaxtının iki yeni üçölçülü modeli yaradılıb. Bu modellər “ağıllı şəhər” layihəsinin reallaşdırılmasında böyük rol oynayacaq. Modellərin yaradılması prosesində aerofotoşəkillər və lazer vasitəsilə skan edilmiş məlumatlardan istifadə olunub.
AZƏRTAC Helsinki şəhər administrasiyasının www.hel.fi rəsmi saytına istinadla xəbər verir ki, mütəxəssislər yalnız üçölçülü şəkil deyil, bütün bina və obyektlər haqqında tam məlumatlı proqram əldə etmək arzusundadır. Helsinkinin 3D modeli bir neçə ətraf ada daxil olmaqla 400 kvadrat kilometr ərazini əhatə edir.
Helsinkinin 3D model layihəsinin əlaqələndiricisi Enni Ayraksinen hesab edir ki, şəhərin bu iki modeli Helsinkini abadlaşdırmaq, eləcə də bu işi daha effektiv reallaşdırmağa imkan yaradacaq. Mütəxəssislər daha düzgün qərarlar verə biləcək. Şəhərin icra hakimiyyəti 3D modelləri bütün yerli sakinlər, təşkilat və təhsil müəssisələri üçün açıq elan edəcək.
Qeyd edək ki, Helsinkidə təxminən 620 min əhali var. Hökumətin proqnozlarına əsasən, əsrin ortalarınadək paytaxt əhalisinin sayı 250 min nəfər artacaq. Nəticədə şəhərdə daha çox yaşayış və ofis binası tikiləcək.