FİRƏNGİZ ƏLİZADƏNİN ƏSƏRLƏRİ DÜNYANIN KONSERT SALONLARINDA SƏSLƏNMƏKDƏDİR
Bəstəkarın növbəti səfəri ərəfəsində onunla görüşən AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri xəbər verir ki, Firəngiz xanımın bu ilin mayında Nyu Yorkun “Lincoln Center” musiqi mərkəzində uğurla səsləndirilən “Sabah” əsərini öz qastrol proqramına daxil edən Amerika simfonik orkestri onu hazırda Yaponiyada ifa etməkdədir. May ayının sonunda Firəngiz Əlizadənin yeni əsərləri Londonda, Mançesterdə və Parisdə də ilk dəfə ifa olunmuşdur. Bu yaxınlarda isə daha üç yeni əsəri Avropa ölkələrində səsləndiriləcəkdir.
İyunun 20-də Berndə İsveçrənin “Camerata Bern” ansamblı bəstəkarın simli alətlər ansamblı üçün bəstələdiyi “Metamorfosis” əsərini ilk dəfə ifa etmişdir. İsveçrədən Niderlanda gedən bəstəkar Amsterdam şəhərində başlayan beynəlxalq Hollandiya musiqi festivalında iştirak edəcəkdir. Festival çərçivəsində iyunun 27-də Hollandiyanın “Atlas” ansamblı Firəngiz Əlizadənin “Zikr” və Cavanşir Quliyevin “Bayatı” əsərlərini ilk dəfə səsləndirəcəkdir.
İyunun 29-da İrlandiyada keçirilən “Vest Cork” musiqi festivalında isə Vyananın “Altenberq Trio” ansamblı Firəngiz Əlizadənin yeni bəstələdiyi “İmprombus” (“Musiqi anları”) əsərini ifa edəcəkdir.