Florida ştatında fövqəladə vəziyyət elan edilib
Vaşinqton, 6 aprel, AZƏRTAC
Florida ştatının Manati dairəsində çirkab sular üçün nəzərdə tutulan rezervuarda sızma nəticəsində fövqəladə vəziyyət elan edilib, 300-dən çox evin sakinlərinin oradan təxliyə olunması barədə əmr verilib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, keçmiş fosfat zavodunun ərazisində çirkab sular üçün nəzərdə tutulan rezervuarda sızma aşkar edilib. Rəsmi şəxslər su anbarının dağıla biləcəyi və ətraf əraziləri su basması təhlükəsi barədə xəbərdarlıq ediblər.
Hazırda ştat administrasiyası su anbarının dağılması riskini azaltmaq üçün rezervuardakı suyun Port-Manati körfəzinə axıdılması ilə bağlı iş aparır.
Qubernator Ron DeSantis dairədə fövqəladə vəziyyət elan edib. Bazar ertəsi keçirilmiş mətbuat konfransında DeSantis bildirib ki, rezervuardan sızan su radioaktiv deyil və əsasən texnoloji su ilə yağış sularının qarışığından ibarət duzlu sudur.
Florida ətraf mühitin mühafizəsi departamentində bildiriblər ki, sızan suyun tərkibi dəniz suları üçün keyfiyyət standartlarına uyğundur. Yalnız pH, ümumi fosfor, ümumi azot və ümumi ammonium-azot maddələrinin miqdarı standartdan fərqlənir. Suyun dadı bir qədər turşdur, lakin narahatlıq üçün əsas yoxdur.
Qubernator bildirib ki, rəsmi şəxslər rezervuarın qurudulması üçün əlavə nasoslar quraşdırır və oradan gündə 125 milyon litr suyu çəkirlər.
Rezervuarda fəlakətli vəziyyət yaranacağı halda ətraf əraziyə təqribən 1,3 milyard litr çirkab su axa bilər. Ekspertlərin hesablamalarına görə, bu halda 6 metr hündürlüyündə dalğa yüzlərlə evin yerləşdiyi ərazini təhlükə altına ala bilər.
AZƏRTAC-ın Vaşinqton bürosu