ELM VƏ TƏHSİL
Folklor İnstitutunda struktur dəyişikliyi olub
![Folklor İnstitutunda struktur dəyişikliyi olub](/files/2023/1/1200x630/16781715222119544768_1200x630.jpeg)
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) Elmi şurasının iclası keçirilib. Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. Akademik Teymur Kərimli son dövrdə AMEA-da elmi infrastrukturun təkmilləşdirilməsi, tədqiqatların müasir dövrün tələblərinə uyğun və konkret nəticələrə əsaslanaraq aparılması, institutlar arasında paralelliklərin aradan qaldırılması ilə bağlı həyata keçirilən struktur islahatlarından danışıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Bu istiqamətdə folklorla bağlı araşdırmaların folklor-etnoqrafik baxımdan kompleks şəkildə həyata keçirilməsinin zəruriliyini qeyd edən alim Folklor İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsini müzakirəyə təqdim edib. Elmi şuranın üzvlərinin səsverməsi nəticəsində Folklor İnstitutunda Türk xalqları folkloru, Cənubi Azərbaycan folkloru, Qərbi Azərbaycan folkloru, Azsaylı xalqların folkloru və Mərasim folkloru şöbələrinin adında dəyişiklik edilərək, həmin şöbələrin müvafiq qaydada Türk xalqları folkloru və etnoqrafiyası, Cənubi Azərbaycan folkloru və etnoqrafiyası, Qərbi Azərbaycan folkloru və etnoqrafiyası, Azsaylı xalqların folkloru və etnoqrafiyası, Etnoqrafiya və mərasim folkloru adlandırılmasına qərar verilib.