Frank De Bleker: Geridə qalan mövsümdə hakimlərimizin çıxışlarından məmnun qaldım
Bakı, 30 may, AZƏRTAC
Geridə qalan mövsümdə hakimlərimizin çıxışlarından məmnun qaldım və gələcəyə pozitiv hisslərlə baxıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker AFFA-nın rəsmi saytına müsahibəsində deyib.
Belçikalı funksioner hakimlərin mövsümün əvvəlindən sonuna qədər inkişaf etdiklərini bildirib: “Meydanda şəxsiyyətə malik hakimlər var idi, oyunçulara və məşqçilərə qarşı yaxşı, insani davranış nümayiş etdirdilər. Meydandakı iştirakçılara hörmətlə yanaşdılar. Məşqçinin reaksiyasına görə ucuz sarı vərəqələr verilməsini istəmirəm. Yalnız açıq-aşkar etiraz və jestlər üçün sarı vərəqənin göstərilməsinin tərəfdarıyam. Hakimlər bunu bütün mövsüm ərzində hörmətlə qorudular.
Onun sözlərinə görə, hakim qərarları ətrafında müzakirələr aparılır: “Çünki hər vəziyyət ağ və ya qara deyil, bəzən ikisinin ortasında olur. Bəzən qarşısını ala biləcəyimiz səhvlər etdik. Amma ümumilikdə hakimlər və VAR bu mövsüm Premyer Liqada keçirilən 180 oyunda yaxşı təsir bağışladı. Düzgün qərarlar qəbul etdikdə etibarlılıq və inam yüksək olur. Futbol dəqiq elm deyil, ona görə də futbola sevgi bəsləyən hər kəs tərəfindən dəstəklənməliyik. Qaydalar hər zaman izah oluna bilər”.
De Bleker hakimlərdən əsas tələblərini də açıqlayıb: “Müdaxilə xəttini yüksək təyin etdik: ucuz penaltilər istəmədik, kiçik kontaktlar üçün VAR müdaxilələri olmaz. UEFA-nın təlimatlarına əməl etdik. Deməliyəm ki, hakimlər mövsüm ərzində bu təlimatlara hörmətlə yanaşdılar. Eyni zamanda VAR-ın məntiqli və aydın qərarlar qəbul etməsini istəyirəm. Hər kəsin başa düşəcəyi qərarlar olmalıdır. Buna görə də hakim mütləq meydanda öz qərarlarını verməlidir. UEFA və FIFA da bunu istəyir. Hakim meydanda məsuliyyəti öz üzərinə götürməlidir. Bunun üzərində hər həftə işlədik. İnanın ki, Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil. Matçı uğurla başa çatdırmaq istəyirsənsə, daim diqqətli olmalısan”.