Frank Şvabe kimi parlamentarilərin çıxışları ölkələrarası münasibətlərə mənfi təsir edir - ŞƏRH
Bakı, 14 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Frank Şvabenin Azərbaycanla bağlı qərəzli çıxışı heç də təəccüblü deyil. Çünki adətən nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı Avropanın müxtəlif ictimai-siyasi xadimlərindən oxşar münasibətin şahidi olmuşuq. Bu və buna bənzər hallar isə artıq ənənə halını alıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
O bildirib ki, müstəqil Azərbaycanın inkişafını, dünyada nüfuzunun artmasını gözü götürməyən qüvvələr ölkəmizə qarşı erməni kartından istifadə edərək müəyyən mənfəətlər güdürlər. Haqqımızda qeyri-obyektiv, həqiqətdən uzaq, ədalətsiz mövqe sərgiləmək onların vərdişinə çevrilib.
Bundan əvvəl keçirilən beynəlxalq tədbirlərdə – “Eurovision”, Formula 1 yarışlarında, Avropa Oyunları vaxtı, yaxud ölkə miqyasında seçkilər ərəfəsində biz belə qarayaxma kampaniyaların şahidi olmuşuq. Hətta BMT ilə birgə keçirilən yüksək səviyyəli tədbirlər ərəfəsində də belə xoşagəlməz hadisələrlə üzləşmişik. Odur ki, indi COP29 kimi mühüm beynəlxalq tədbir öncəsi Frank Şvabenin çıxışı təəccüb doğurmur. Bu, zəiflərin mübarizə metodudur.
“Təəssüf ki, 30 il ərzində Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə Avropa Parlamentinin üzvlərindən, müxtəlif ölkələrin ictimai-siyasi xadimlərindən, nüfuzlu diplomatlarından ölkəmizin haqlı mövqeyi ilə bağlı hər hansı etirafı, təşəbbüsü və ya bəyanatı görmədik. Ancaq bu gün biz almaniyalı siyasətçi Frank Şvabe kimilərinin mütəmadi şəkildə Qarabağla, ermənilərlə, böyük Qələbəmizlə bağlı həqiqətdən uzaq, qərəzli açıqlamalar və bəyanatlar verdiyini müşahidə edirik. Həmçinin Azərbaycana qarşı son dərəcə əsassız və çox aqressiv mövqe sərgilədiklərini də görürük. Biz başa düşürük ki, hər kəs öz fikrini bildirməkdə sərbəstdir və hər hansı məsələyə dair münasibətini ifadə edə bilər. Amma Frank Şvabe kimisinin münasibət bildirərkən elə ilk cümləsindən hiss olunur ki, demokratiyadan, azadlıqdan, haqq-ədalətdən dəm vuran bu adam ölkəmizə qarşı nə qədər mənfi emosiyalarla yüklənib və qərəzli mövqedədir”, - deyə U.Mirzəyev vurğulayıb.
BAMF-ın rəhbərinin sözlərinə görə, Frank Şvabe kimi parlamentarilərin və onların anti-Azərbaycan çıxışlarının ölkələrarası əməkdaşlığa heç bir xeyri yoxdur. Əksinə, belə davranışlar münasibətlərin pozulmasına səbəb olur, əlaqələrin inkişafı prosesinə mənfi təsir göstərir. Halbuki Avropa Şurası Parlament Assambleyası kimi yüksək tribunalardan səslənən çağırışlar humanizm prinsiplərinə əsaslanmalı, dünyada insanların mənafeyinə və sülhə xidmət etməlidir. Biz Qərbin bu cür siyasi xadimlərini obyektivlik hissini itirməməyə çağırır, xalqların və ölkələrin mənafeyinə zidd çağırışları qətiyyətlə pisləyirik.