Fransa mətbuatında Azərbaycanda otel tikintisindən bəhs edən məqalə dərc olunub
Paris, 13 yanvar, AZƏRTAC
Son vaxtlar fransız mətbuatında Azərbaycanda turizm imkanlarının genişləndiyinə, yeni turizm marşrutlarının açılmasına, qış turizminin inkişaf etməsinə və buna görə də yeni otellərə ehtiyac yaranmasına dair yazılara mütəmadi yer verilir.
Parisdə nəşr olunan “Le Quotidien du Tourizme” qəzetində çap olunmuş “Marriott: Autograph Collection Azərbaycanda dörd lüks otel açır” sərlövhəli məqalədə ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitin olduğu, hökumətin bu sahəyə böyük diqqət yetirməsi xüsusi vurğulanır. Yazıda qeyd olunur ki, beynəlxalq Marriott otellər qrupunun mənsub olduğu Autograph Collection şirkəti əsrarəngiz Şahdağda xizək meydançasının istifadəyə verilməsi ilə əlaqədar çoxlu sayda turist axınını nəzərə alaraq 167 otaqlı müasir tələblərə cavab verən yeni otelin tikintisinə başlayıb. İlin sonunda istifadəyə verilməsi nəzərdə tutulan otelin bir növ Azərbaycanın şimala açılan qədim qapılarından biri hesab edilən Qusar rayonundan avtomobillə bir neçə dəqiqəlik məsafədə, dağlarla əhatə olunan məkanda yerləşdiyi nəzərə çatdırılıb.
Yeni otelin qış mövsümünə uyğun və Avropa dağlarında istifadəyə verilən otellər üslubunda inşa olunduğu da qeyd olunub.
Məqalədə həmçinin bu qrupun Bakıda və Xəzər dənizi sahilində daha üç otelin inşasını həyata keçirdiyi diqqətə çatdırılıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris