Fransa Müqavimət Hərəkatında Azərbaycanın cəsur oğulları qəhrəmanlıqları ilə fərqləniblər
Paris, 8 may, AZƏRTAC
Bu gün bütün dünya alman faşizmi üzərində Qələbəni qeyd edirsə, Azərbaycan iki faşizm üzərində Zəfərini qeyd edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun erməni faşizmi üzərində Qələbəsi, doğma Şuşamızın azad edilməsi sayəsində bu il 8 may tarixi dünyanın hər yerində fərqli ab-havada qeyd olunur.
Azərbaycan xalqının qəhrəman oğulları digər ölkələrin faşizmə qarşı mübarizəsində də iştirak edərək, fədakarlıq göstəriblər. Xüsusilə Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında Azərbaycanın cəsur oğulları qəhrəmanlıqları ilə fərqləniblər.
Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatında döyüşmüş azərbaycanlı əsgərlərin xatirəsi heç vaxt unudulmur. Veysak şəhərində Müqavimət Hərəkatı döyüşçülərinin arasında olmuş azərbaycanlı əsgərlərin xatirəsi həmişə ehtiramla yad edilir.
AZƏRTAC xəbər verir ki, 8 May - İkinci Dünya müharibəsində Qələbə Günü bu il Parisdə Zəfər Tağı qarşısında gərginlik şəraitində qeyd edilib. Fransada İkinci Dünya müharibəsində Qələbənin qeyd edilməsi ənənəsinə uyğun olaraq, Fransa Prezidenti Respublika Qvardiyasının müşayiəti ilə Zəfər Tağının altındakı naməlum əsgərin məzarı üzərində məşəli alovlandırıb və əklil qoyub.
Fransanın azadlığı uğrunda Müqavimət Hərəkatında həlak olanların xatirəsi anılıb. Builki Qələbə Günündə Lion şəhərində müqavimət hərəkatı üzvü olmuş Jan Mulənin (Jean Moulin) xatirəsi yad edilib.
Xatırladaq ki, son günlər Fransa Prezidentinin səfərləri pensiya islahatlarına görə qəzəblənmiş fransızlar tərəfindən qazan və çömçələrlə qarşılanır. Qələbə Günü belə bir vəziyyətdən yayınmaq məqsədilə Zəfər Tağı ətrafında bütün toplantılar ləğv edilib. Qələbə mərasimi də gərginlik şəraitində keçib.
Lionda vəziyyətin daha gərgin olacağı ehtimalı var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris