SİYASƏT
FRANSA SƏFİRİ GƏNCƏDƏ
Fransanın Azərbaycandakı səfiri xanım Şantal Puare martın 14-də Gəncədə olmuşdur. Dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi yanında səmimiyyətlə qarşılanan diplomat məqbərəni ziyarət etmiş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra şəhər icra hakimiyyətində rəsmi qəbul olmuşdur. İcra hakimiyyətinin başçısı Eyvaz Babayev qonağa qədim Gəncə haqqında ətraflı məlumat vermişdir. Xanım Şantal Puare qonaqpərvərlik üçün minnətdarlığını bildirmiş, Fransa ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşmasında hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri olduğunu vurğulamışdır. Görüşdə qonağa xatirə hədiyyələri bağışlanmışdır.
Sonra Fransa diplomatı şəhəri gəzmiş, sakinlərlə səmimi söhbət etmiş, tikintisi yarımçıq qalmış avtomobil zavoduna gedərək, mütəxəssislərlə fikir mübadiləsi aparmışdır.
Həmin gün axşam C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Jan Mişel Şövrinin mahnılarından ibarət konsert olmuşdur.
Səfərin növbəti günü xanım Şantal Puare Gəncə Dövlət Pedaqoji Universitetində olmuş, Fransanın səfirliyinin köməyi ilə fəaliyyətə başlamış fransız dili fakültəsinin tələbələri ilə görüşmüşdür. Növbəti görüş Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında keçirilmişdir. Akademiyanın rektoru, akademik Məmmədtağı Cəfərov qonağa yüksək ixtisaslı kənd təsərrüfatı kadrları hazırlayan təhsil ocağı haqqında ətraflı məlumat vermişdir. Görüşdən sonra səfir akademiyada yaradılmış Cümhuriyyət muzeyi ilə tanış olmuşdur. Xanım Şantal Puare həmin gün Bakıya qayıtmışdır.