Fransada ermənilərin Xocalı soyqırımı ilə bağlı tədbiri pozmaq cəhdləri uğursuzluqla nəticələndi
Paris, 24 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada keçirilən tədbirlər zamanı fəallaşan ermənilər öz çirkin əməllərindən usanmayaraq Azərbaycana qarşı məkrli hərəkətlərə yol verirlər. Onlar vəhşiləşmiş erməni hərbçilərinin fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərini qəddarcasına qətlə yetirmələrini, hətta günahsız qadınlara, uşaqlara və yaşlı insanlara belə aman verməyərək onlara qarşı görünməmiş qətliam törətmələrinə başqa don geydirməyə səy göstərir, diqqəti yayındırmağa çalışırlar. Erməni millətçiləri tərəfindən beyinləri türklərin və azərbaycanlıların onların düşməni obrazı ideyası ilə zəhərlənən erməni gəncləri bu ideyaya “sadiqliklərini” sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Düşmən obrazından təsirlənən erməni gəncləri millətçilərin fitvası ilə Azərbaycanla bağlı keçirilən tədbirlərə hər vəchlə mane olmağa çalışırlar.
Ata-babalarının azərbaycanlılara qarşı məkrli əməllərinə sadiq qalan Fransadakı NAZARPEK - sosial demokrat partiyasının erməni gənclər assosiasiyasının bir neçə üzvü Avropa Azərbaycan Cəmiyyətinin Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı fevralın 23-də Parisin 7-ci rayonundakı Adyar salonunda təşkil etdiyi, faciə qurbanlarının xatirəsinə həsr olunan konserti pozmağa göstərdikləri növbəti cəhd hər dəfə olduğu kimi, yenə baş tutmadı. Hətta onların bu əməlinə yoldan keçənlər belə maraq göstərmir və Azərbaycana qarşı yalan ifadələrlə dolu vərəqləri almaqdan imtina edirdilər. Beləliklə bir neçə erməni gəncin keçirmək istədiyi aksiya həmişə olduğu kimi yenə də iflasa uğradı.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris