Fransada keçirilən ralli-kross üzrə dünya çempionatının mərhələ yarışında “Volkswagen” komandası qələbə qazanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Yohan Kristoffersson Fransada keçirilən ralli-kross üzrə dünya çempionatının mərhələ yarışında qələbə qazanıb.
Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildirilib ki, “Volkswagen” komandasını təmsil edən pilot təyin olunan marşrutu 4 saat, 08.408 saniyəyə qət edib. Bununla da o, aktivinə daha 8 xal yazmaqla ümumi nəticədə liderliyini bir qədər də möhkəmlədib. Hazırda Y.Kristoffersson 241 xalla bütün rəqiblərini qabaqlayır. Yeri gəlmişkən, ümumi sıralamada digər iki yeri tutan P.Solberqin 195, M.Ekströmün isə 180 xalı var.
Əlavə edək ki, Fransa mərhələsində digər iki yerdə müvafiq olaraq dünya çempionu, “Peugeot” komandasının üzvü Sebastyen Löb (4:11.989) və “Audi” kollektivindən Mattias Ekström (04:12.994) qərarlaşıblar.
Ralli-kross üzrə dünya çempionatının növbəti mərhələsi sentyabrın 15-17-də Latviyada keçiriləcək.