Fransada Ticarət və Sənaye Palataları etiraz aksiyalarına fasilə verilməsinə çağırıb
Paris, 26 oktyabr, AZƏRTAC
Fransanın Ticarət və Sənaye Palataları Şəbəkəsinin (CCI France) prezidenti Alen Di Kresentso ilin sonuna yaxın ticarət obyektlərinin fəaliyyətini qorumaq məqsədilə etiraz aksiyalarına fasilə verilməsinə çağırıb.
AZƏRTAC xəbər verir ki, o, oktyabrın 24-də keçirilən sosial etirazlar zamanı ticarət fəaliyyətinin təxminən 80 faiz azaldığını bildirib.
“Radio Classique”ə müsahibəsində Di Kresentso ötən həftəsonunun gözləniləndən daha sakit keçməsinin müəyyən rahatlıq yaratdığını, lakin təxminən 50 ticarət obyektinə ziyan dəydiyini qeyd edib. Onun sözlərinə görə, oktyabrın 17-də baş vermiş zorakılıq hadisələrindən sonra bir çox sahibkar təhlükəsizlik səbəbindən mağazalarını açmamağa üstünlük verib.
İlin son iki ayı ticarətçilər üçün həlledici əhəmiyyət daşıyır. CCI France rəhbərinin bildirdiyinə görə, noyabr və dekabr ayları ticarət obyektlərinin illik dövriyyəsinin təxminən 40 faizini təşkil edir. Hər həftəsonu baş verən fasilələr isə illik dövriyyənin təxminən 2 faiz itirilməsinə səbəb ola bilər.
CCI France-ın məlumatına əsasən, oktyabrın 17-də zərər görmüş 2201 ticarət obyektindən 630-u hələ də bağlıdır. Di Kresentso sahibkarların mağazalarını təmir etdikdən sonra yenidən hücumlara məruz qalması riskini qəbuledilməz adlandırıb. O, ticarətçilərin fəaliyyətini davam etdirə bilməsi üçün nümayiş marşrutlarının dəyişdirilməsi və ya bəzi aksiyaların qadağan edilməsi kimi tədbirlərin nəzərdən keçirilməsini istəyib.
Xatırladaq ki, qarşıdakı həftəsonları üçün yeni aksiyalar elan edilib, həmkarlar ittifaqları isə noyabrın 5-də ümummilli tətil və nümayiş günü keçirməyə hazırlaşırlar.