SİYASƏT
Fransanın “L’Expresse” qəzeti İsrail-Azərbaycan əlaqələrinin inkişafından bəhs edir
Strasburq, 28 yanvar, AZƏRTAC
Parisdə gündəlik nəşr olunan “L’Expresse” qəzetində İsrail-Azərbaycan əlaqələrindən bəhs edən məqalə dərc olunub.
“Azərbaycan-İsrail, sınaqdan çıxan əlaqələr” adlı məqalədə iki ölkə arasındakı güclü əməkdaşlığın dünyanın əksər ölkələri üçün model olduğu qeyd edilir. Bildirilir ki, Azərbaycanda yerli əhali ilə yəhudilər arasında əsrlər boyu davam edən dostluq əlaqələri mövcuddur. Əksər ölkələrdən fərqli olaraq azərbaycanlılar yəhudilərə qarşı heç vaxt ayrı-seçkilik münasibəti bəsləməyiblər. Hazırda iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq inkişaf edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəldikdən sonra İsraillə əlaqələrin inkişaf etməyə başladığını vurğulayan müəllif xüsusilə təhsil, mədəniyyət, təhlükəsizlik, ticarət sahələrində əməkdaşlığın genişləndiyini diqqətə çatdırır. Telekommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə çoxlu sayda İsrail şirkətlərinin ölkəmizdə fəaliyyət göstərdiyi bildirilir.
Məqalədə 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri zamanı ulu öndər Heydər Əliyevin yəhudilərlə azərbaycanlıların əsrlər boyu birlikdə dostluq şəraitində yaşamaları, yəhudilərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları olmaları, bütün bunların iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı şərait yaratması ilə bağlı söylədiyi fikirlər də yer alıb.
Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ölkə olduğu bildirilən məqalədə Dağlıq Qarabağ münaqişəsindən də bəhs edilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bir milyondan artıq azərbaycanlının zorla doğma torpaqlarından çıxarılması, Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycanın əzəli ərazisi olması barədə faktlar diqqətə çatdırılır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq