“FREEDOM HOUSE” SAYTINDA ÇOX KOBUD SƏHVƏ YOL VERİLMİŞDİR
Berlin, 17 yanvar (AZƏRTAC). “Freedom House” rəsmi saytında “Map of Freedom” (“Azadlıq xəritəsi”) adlı xəritə yerləşdirilmişdir. Bu xəritədə Cənubi Qafqazın üç müstəqil dövlətinin adı ilə yanaşı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ kimi separatçı ərazilərin də adları göstərilmişdir.
Xəritənin tərtibçiləri separatçı qurumların adlarından sonra mötərizədə onların hansı suveren dövlətə mənsub olması haqqında izahat vermişlər. Bizi hiddətləndirən də bu “izahatlardır”. Cənubi Osetiya və Abxaziya adlarından sonra (Gürcüstan), Dnestryanı bölgənin adından sonra (Moldova), Çeçenistanın adından sonra mötərizədə onun Rusiyaya mənsub olması göstərildiyi halda, “Freedom House” Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin - Ermənistanın və Azərbaycanın adlarını yazmışdır. Görəsən, “Freedom House” bunu nə səbəbdən və hansı beynəlxalq sənədlər əsasında etmişdir? Hətta Kosovonun adından sonra (Serbiya) yazılmışdır, hərçənd, Balkandakı yeni dövləti BMT-nin üzvü olan 54 dövlət, o cümlədən “Freedom House” saytını bilavasitə maliyyələşdirən dövlətlər də tanımışdır. Qəribədir ki, Cənubi Osetiya və Abxaziyanın hətta Rusiya və Nikaraqua tərəfindən rəsmən tanınmasına baxmayaraq, xəritənin müəllifləri bu qurumların Gürcüstana mənsub olması barədə mübahisə etmirlər. Halbuki, qondarma Dağlıq Qarabağ rejiminin qondarma müstəqilliyini hətta Ermənistan özü də tanımamışdır!
Görəsən, “Freedom House” saytının rəhbərlərini Dağlıq Qarabağın adından sonra (Ermənistan/Azərbaycan) yazmağa məcbur edən nə olmuşdur? Bu bölgəyə Ermənistanın və Azərbaycanın birgə sahiblik etməsi hansı dövlətlər tərəfindən tanınmışdır? Azərbaycanın ayrılmaz tərkib hissəsi nə vaxtdan kondominium hesab edilməyə başlanmışdır?
AZƏRTAC Dağlıq Qarabağın mənsubiyyəti barədə çox kobud səhvə yol verilməsi və həmin xəritədə Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin adının göstərilməsi ilə əlaqədar qəti etirazını bildirir və “Freedom House” saytının rəhbərliyindən qondarma “Azadlıq xəritəsi”ni beynəlxalq hüququn hamı tərəfindən tanınmış sənədlərinə dərhal uyğunlaşdırmasını tələb edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin