Futzal üzrə Azərbaycan kuboku yarışlarının yarımfinalçıları müəyyənləşib
Bakı, 1 may, AZƏRTAC
Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan mərhələnin ilk qarşılaşmasında Yüksək Liqanın iddialı komandalarından “Neftçi” və İkinci Liqanın məğlubedilməz lideri “Obolon” qarşılaşıblar. Fasiləyədək tərəflər hərəyə iki dəfə fərqləniblər. İkinci hissədə də komandalar qarşılıqlı qollarla yadda qalıb. Yalnız Tural İsmayılovun vurduğu qol “Neftçi”ni mərhələ adlayan tərəf edib - 5:4. Amma “Obolon” rəqibi üçün kifayət qədər təhlükəli anlar yaşadıb. Matçda yaddaqalan məqamlardan biri də “Neftçi”nin kapitanı Rüfət Balakişiyevin het-trik etməsidir.
Günün ikinci oyununda əzəli rəqiblər - “Araz” və EKOL qarşılaşıblar. Fasiləyə hesabda üstün yollanan “Araz” ikinci hissədə EKOL-un ardıcıl qollar vurmasına mane ola bilməyib. Düzdür, baş məşqçi Alesionun yetirmələri 32-ci dəqiqədə bərabərliyi bərpa ediblər. Ancaq matçın başa çatmasına 44 saniyə qalmış Ramiz Çovdarov qarşısıalınmaz zərbə ilə matçın və cütün taleyini həll edib. Oyunda 5:4 hesabı ilə qalib gələn EKOL növbəti mərhələyə vəsiqə qazanıb.
“Xəzər Cənub” komandası “Təbriz”lə görüşün qalibi olub. Rəqibini 5:1 hesabı ilə məğlub edən “Xəzər Cənub” yarımfinala adlayıb.
Mərhələnin sonuncu duelində isə “Baku Fire” və “Advokat” komandaları qarşılaşıblar. Görüş “Advokat”ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, yarımfinalda “Neftçi” EKOL-la, “Xəzər Cənub” isə “Advokat”la qarşılaşacaq. Bu mərhələnin oyunları mayın 20-də, final matçı isə mayın 23-də keçiriləcək.