İDMAN
Futzal üzrə Azərbaycan millisi Rumıniya ilə heç-heçə edib
Bakı, 15 dekabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma Bakı İdman Sarayında Rumıniya seçməsini qəbul edib. Görüş 5:5 hesablı heç-heçə ilə başa çatıb. İlk hissə Azərbaycan təmsilçisinin üstünlüyü ilə bitib. 18-ci və 19-cu dəqiqələrdə Rafael Vilela fərqlənib.
Qonaqlar fasilədən sonra toplardan birinin əvəzini çıxıblar. 22-ci dəqiqədə Dariuş Nastai fərqlənib. Lakin Vilela 25-ci dəqiqədə het-trik edərək, üçüncü topu rəqibin qapısından keçirib. Rumıniya üç dəqiqə sonra Andor Balintinin qolu ilə yenidən fərqi azaldıb. 32-ci dəqiqədə Daniel Aauxo penalti zərbəsi ilə tarazlığı bərpa etsə də, 20 saniyə sonra yığmamız yenidən önə keçib. Bu dəfə Tofiq Mikayılov adını tabloya yazdırıb.
34-cü dəqiqədə Amir Şocaei səhnəyə çıxıb. O, əvvəlcə rəqibin qapısına yol tapıb, bir neçə saniyə sonra isə avtoqolla yadda qalıb. Qonaqların heyətində Yonut-Andrey Nemitanu 36-cı dəqiqədə komandasının hücumunu məntiqi sonluğa çatdırıb və yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi 5 turdan sonra 4 xalla qrupda sonuncudur. Eyni xala malik Rumıniya kollektivi isə üçüncüdür.