Füzuli rayonunda əkin sahəsində tank əleyhinə idarə olunmayan raket aşkarlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də saat 12:47-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Mirzənağılı kəndində yerləşən əkin sahəsindən bir ədəd qumbaraatan mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qruplarının, Füzuli Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkarlanıb. O, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin tapıldığı yerin ətrafında 280 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.