Füzuli rayonunda “Heydər Əliyev İli” çərçivəsində ilk tədbir
Füzuli, 14 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbirlərə başlanılıb. Bu çərçivədə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndərin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndərin hakimiyyətə gəlişi, xalqımızı yaranmış təhlükələrdən qoruması, Azərbaycan həqiqətlərini dünyaya çatdırması barədə danışıblar. Həmçinin 20 Yanvar hadisələrinə ilk siyasi, hüquqi qiymətin məhz Ümummilli Lider tərəfindən verildiyi bir daha diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğu bildirilib. Vurğulanıb ki, Ulu Öndərə dərin ehtiram və məhəbbət daim yaşayacaq.
Tədbirdə çıxış edən digər ziyalılar da Ulu Öndərin Azərbaycan tarixində müstəsna xidmətlərindən, xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətindən danışıblar.