REGİONLAR
Füzulidə "Uşaq və valideynlərin sosial ünsiyyət bacarıqlarının artırılması" adlı təlim təşkil edilib
Füzuli, 26 sentyabr Aydın Yavərzadə, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə keçirilən azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili layihəsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti təlim Füzuli şəhərində təşkil edilib. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən təlimdə Dövlət Komitəsinin əməkdaşları və müəllim-şagird-valideyn kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb.
Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar anket sorğularını cavablandırıb, müxtəlif psixoloji tapşırıqları yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”dan, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib.
Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Həmçinin bukletlər paylanılıb, uşaqlara məktəb çantası, dərs ləvazimatları və bədii kitablar hədiyyə olunub.
Qeyd edək ki, layihə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.