Füzulidə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib
Füzuli, 7 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib. Konfrans Füzuli Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Füzuli rayon təhsil sektorunun birgə təşkilatçılığı gerçəkləşib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Füzuli Dövlət Dram Teatrının binasında keçirilən tədbirdə ziyalılar, təhsil işçiləri, təhsildə qazandıqları yüksək nəticələrlə fərqlənən bir qrup gənc, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev qəbul imtahanlarında yüksək bal toplayan bir qrup gənc və Vətən müharibəsi şəhidi Elçin Süleymanovun tələbə adı qazanmış həyat yoldaşı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından bəhs edən “Təhsil millətin gələcəyidir” adlı videoçarx nümayiş olunub.
Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayon təhsil sektorunun müdiri Ramella Məmmədova çıxış edərək, Füzuli rayonunda 2022/2023-cü tədris ilinin statistik göstəriciləri, yeni dərs ilinə hazırlıq vəziyyəti, buraxılış və qəbul imtahanlarının nəticələri barədə məlumat verib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Azərbaycan təhsilinin uğurlarının mənbəyində dayandığını vurğulayan Ramella Məmmədova, tələbə adı qazanan gəncləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Daha sonra qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adı qazanan Rəsul Şəfiyev, Mirrəsul İsmayolov, Elnazə İbişova, Vətən müharibəsi şəhidi Elçin Süleymanovun tələbə adı qazanmış həyat yoldaşı Aminə Ələkbərova, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Dəniz Qarayeva çıxış edərək onlar üçün yaradılan yüksək və şəffaf təhsil imkanlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında ölkədə uğurlu təhsil siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bütün digər sahələr kimi, təhsil siyasətinin də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətini bir daha vurğulayan Alı Alıyev işğaldan azad edilmiş Füzuli şəhərində yeni tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin bu il ilk bilik gününü qeyd edəcəyini bütün Füzuli sakinləri, eləcə də təhsil ictimaiyyəti üçün fəxr, qürur və sevinc mənbəyi olduğunu bildirib.
Sonda təhsildə yüksək göstəricilərə nail olmuş bir qrup gəncə qiymətli hədiyyələr təqdim olunub və aztəminatlı ailələrdən olan şagirdlərə məktəbli formaları hədiyyə edilib.