Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏLƏCƏYƏ İSTİQAMƏTLƏNMİŞ STRATEGİYA

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin İqtisadi siyasət daimi

komissiyasının sədri, akademik

Görkəmli iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin AZƏRTAC-ın xahişi ilə hazırladığı analitik məqalədə Azərbaycanda gedən ən yeni iqtisadi proseslər, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilən sürətli iqtisadi inkişaf strategiyası sayəsində son illərdə qazanılan böyük uğurlar, Azərbaycanın aparıcı dünya dövlətləri cərgəsinə çıxması məsələləri araşdırılır.

                                                                         X X X

Üçüncü minilliyin əvvəlində dünya təsərrüfatının təkamülü, iti sürətlə gedən qloballaşma ayrı-ayrı dövlətlərin və ilk növbədə, sənayecə inkişaf etmiş dövlətlərin iqtisadiyyatının yüksələn xətt üzrə inkişafı ilə əlaqələndirilir. Dünya bazarlarındakı əlverişli konyunktura, siyasi sabitlik, görünməmiş artım sürəti Azərbaycana iqtisadi sıçrayış etməyə və inkişafın keyfiyyətcə yeni mərhələsinə çıxmağa nadir fürsət yaradır. Yaxın perspektivdə bizim bazar iqtisadiyyatına xeyli əvvəl keçmiş bir çox ölkələrlə rəqabətə davam gətirməyə, elmi-texniki tərəqqinin ön cərgələrində olan və yeni texniki ukladları formalaşdıraraq, qlobal iqtisadi inkişafın lokomotivi rolunu oynayan, dünya iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyənləşdirən “varlı dövlətlər klubu”na bilavasitə yaxınlaşmaq üçün bütün imkanlarımız vardır.

Bu, olduqca çətin yoldur, lakin Azərbaycan artıq yaxın gələcəkdə həqiqətən güclü, iqtisadi cəhətdən qabaqcıl və nüfuzlu dünya dövlətləri sırasında layiqli yer tutmaq üçün qətiyyətlə bu yola qədəm qoymuşdur. Artıq 4 ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən, Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyasının başlıca məqsədi məhz bundan ibarətdir. Həmin proqramın əsasında ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan, zamanın nəbzinə uyğun zənginləşən, qarşıya çıxan problemlərin həllində varisliyi qoruyub saxlayan konsepsiya dayanır.

Bu gün Azərbaycan iqtisadiyyatında gedən ən yeni proseslərin təhlili göstərir ki, əldə olunan nəticələr xeyli dərəcədə üç il əvvəl başlanmış işlərin davamıdır. Bəzi nəticələr gözlənildiyindən də artıq olmuşdur: investisiya mühiti yaxşılaşmış, biz çox böyük kapital axını, maliyyə bazarında müsbət dinamika əldə etmişik. İqtisadi qüdrətimiz xeyli artmış, ölkənin sosial-iqtisadi həyatında irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri təmin edilmiş, ölkəmiz düşünülmüş səriştəli və dinamik şəkildə dünya iqtisadiyyatına inteqrasiya olur. Təcrübə göstərir ki, bu, yalnız daxili və xarici, ənənəvi və müasir amillərin istifadəsinə söykənən davamlı və sürətli inkişaf şəraitində mümkündür.

Bildiyimiz kimi, iqtisadi inkişafın artım sürətinə görə Azərbaycan dünyada lider mövqeyinə çıxmışdır. Son dörd ildə ölkədə ümumi daxili məhsul istehsalı təxminən üç dəfə artmışdır. Müqayisə üçün deyək ki, son dörd il ərzində dünya iqtisadiyyatında real artım sürəti 4-4,2 faiz, alıcılıq qabiliyyəti paritetinə görə, 5-5,5 faiz arasında tərəddüd edir. Müsbət hal kimi belə bir əhəmiyyətli faktı da qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun da sürətli inkişafı sabit xarakter almışdır: hazırda burada inkişaf sürəti dünya üzrə olan müvafiq göstəricidən 2,5-3 dəfə çoxdur.

Ötən il respublikada adambaşına düşən ÜDM-in həcmi 864 manat təşkil etmişdir. Həmin göstəricinin bu il 3000 manat, 2008-ci ildə isə 3700 manat olacağı proqnozlaşdırılır. Beləliklə, ölkənin iqtisadi inkişaf səviyyəsini xarakterizə edən ən mühüm göstəricinin - adambaşına düşən ÜDM-in 4,3 dəfə artması Azərbaycanın yaxın gələcəkdə inkişaf etmiş ölkələrdən biri kimi tanınması üçün əlverişli zəmin yaradır.

Dövlət başçısı son dörd ildə ölkənin sürətli inkişafını təmin etmək məqsədi ilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşməsini, real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsini, sənayenin inkişaf proqramının hazırlanmasını, innovasiyalı iqtisadiyyatın yaradılmasını strateji vəzifələr kimi müəyyənləşdirmiş, hökumətin, onun iqtisadi qurumlarının bu sahədə fəaliyyətinin canlandırılmasını təmin edən bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır.

Azərbaycan son vaxtlar investisiya mühitində vəziyyəti xeyli dərəcədə yaxşılaşdırmışdır. Xarici investorlar tərəfindən ölkəyə marağın artması buna əyani sübutdur. Ölkənin maliyyə imkanlarının ciddi şəkildə güclənməsinə baxmayaraq, dövlət başçısı xarici kapitalın bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişafında iştirakını hərtərəfli dəstəkləyir, eyni zamanda xarici iş adamlarının qeyri-neft sektorunda daha fəal iştirak etmələrini tövsiyə edir. Bu baxımdan son vaxtlar dünyanın yüksək inkişaf etmiş ölkələri, məsələn, Almaniya, Fransa, Yaponiya, Koreya Respublikası ilə əməkdaşlığın genişlənməsi, bu ölkələrin respublikamızda bir sıra mühüm layihələrin həyata keçirilməsindəki iştirakı böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, dövlət başçısı Azərbaycan iqtisadiyyatının ixrac potensialının möhkəmlənməsi, rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi istiqamətində görülən işlərin daha da gücləndirilməsini qeyd etməklə yanaşı, diqqəti ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bir məsələyə də cəlb edir. Söhbət maliyyə imkanları və iqtisadi qüdrətinin artması nəticəsində Azərbaycanın xarici ölkələrdə investisiya layihələrinin həyata keçirilməsində iştirakından gedir. Respublikamızın ağır vaxtlarında Heydər Əliyevin böyük çətinlikləri, maneələri dəf edib, diplomatik məharətindən istifadə etməklə xarici investorları Azərbaycana dəvət etməsi hələ yaddaşlardan silinməyib: hər cür şərait yaradılacaq, Azərbaycana gəlin, kapitalınızı ürəklə yatırın. Ölkə daxilindəki ictimai-siyasi, makroiqtisadi sabitlik, düşünülmüş xarici iqtisadi siyasət Heydər Əliyevin bu arzularını reallığa çevirdi. Bu gün Azərbaycana nəinki güclü investisiya axını müşahidə edilir, hətta Azərbaycanın özü artıq kreditora çevrilir, onun müvafiq strukturları xarici investor kimi çıxış edirlər. Bütün ömrünü iqtisadi problemlərin öyrənilməsinə həsr etmiş elmi tədqiqatçı, bir Azərbaycan vətəndaşı kimi fəxrlə deyirəm: bu, müstəqil Azərbaycanın, onun Prezidentinin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir, dövlətimizin beynəlxalq aləmdə layiqincə təmsil olunmasını təmin edən yeni, sanballı amilidir.

Daha bir səciyyəvi məqamı qeyd etmək istərdim. 2008-ci ildə dövlət əsaslı vəsait qoyuluşuna 2,8 milyard vəsait ayıracaq ki, bu da büdcə xərclərinin praktik olaraq üçdə biri deməkdir. Halbuki, 7-8 il bundan əvvəl bizim belə imkanlarımız sadəcə olaraq yox idi, dövlət büdcəsi gəlirlərinin əsas hissəsi sosial xərclərə yönəldilirdi, investisiya qoyuluşuna cəmi 1-2 faiz qalırdı.

Biz bundan sonra da dünya bazarları üçün təklifləri inkişaf etdirərək, xarici vəsaitləri cəlb etməyi öyrənməliyik. Özü də təkcə pul cəlb etmək yox, iqtisadiyyatımızın, bütün sosial sahənin müasirləşdirilməsinə kömək edəcək səmərəli struktur layihələrinin həyata keçirilməsi üçün maliyyə aktivlərinin idarə olunması texnologiyalarını cəlb etməliyik.

Son dörd ildə aparılan iqtisadi siyasət bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyası uzun illər Azərbaycanın dinamik inkişafına, onun iqtisadi qüdrətinin artmasına xidmət edəcəkdir. Bu gün Azərbaycan xalqı neft strategiyasının uğurlu nəticələrini artıq real olaraq hiss edir. Yaxın 10-15 il ərzində dünya bazarında neftin qiymətindən asılı olaraq, ölkəyə 150-200 milyard dollar həcmində vəsait daxil olacaqdır. 1999-cu ildə Heydər Əliyev tərəfindən təsis edilən Dövlət Neft Fondunda hazırda 2,2 milyard manat vəsait cəmləşmişdir. Yığılmış bu vəsaitin yalnız bir hissəsi vacib strateji əhəmiyyət kəsb edən layihələrin (Bakı-Tbilisi-Ceyhan; Bakı-Tbilisi-Axalkalaki-Qars; Oğuz-Bakı su kəməri), möhtəşəm sosial proqramların maliyyələşməsinə sərf olunur, əsas hissəsi isə gələcək nəsillərin inkişafı üçün nəzərdə tutulmuşdur.

Bu gün xatırlamaq yerinə düşər ki, Neft Fondu yaradılarkən bəzi qüvvələr dəlil-sübut gətirmədən onun səmərəsiz olacağını bəyan edir, neftdən daxil olacaq pulların hamısının istehlaka yönəldilməsini tələb edirdilər. Azərbaycan dövləti bu fikirlərin tam əsassız, milli maraqlara zidd olduğunu qəti və birmənalı şəkildə bildirdi, neft gəlirlərindən istifadə edilməsi ilə bağlı düşünülmüş, elmi cəhətdən əsaslandırılmış strategiyanı təsdiq etdi. Çox keçmədən belə yanaşmanın doğru olduğunu həyat özü təsdiqlədi. Bu gün dünyanın nüfuzlu maliyyə qurumları, tanınmış alimlər, tələbkar ekspertlər Dövlət Neft Fondunun idarə olunmasını yüksək qiymətləndirir və gəlirlərin hərəkətindəki şəffaflığı, bu sahədə qazanılmış təcrübəni digər ölkələrə nümunə kimi göstərirlər.

Dörd illik fəaliyyət göstərir ki, İlham Əliyev öz sözünə əməl edən Prezidentdir. O, hər bir azərbaycanlının Prezidenti kimi ümumxalq məhəbbəti qazanmışdır. Bunun arxasında isə bir suveren dövlət kimi Azərbaycanın daha da möhkəmlənməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması ilə bağlı strateji proqramların reallaşması, hər bir kəsin yaşayışının yaxşılaşdırılması, onun konstitusion hüquqlarının qorunması sahəsində Prezidentin gərgin və gündəlik fəaliyyəti durur.

Prezident seçkiləri ərəfəsində İlham Əliyev Azərbaycan dövlətinin inkişafı, onun iqtisadi qüdrətinin artması, iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olan bir neçə taleyüklü məsələni, o cümlədən regionların tarazlı inkişafı məsələsini ön plana çəkmişdir.

Qeyd edək ki, bu, uzun illərdən bəri bizim üçün ən aktual problemlərdən biri olaraq qalırdı. Hələ sovet dövründə, xüsusən ötən əsrin 70-ci illərində respublikada məhsuldar qüvvələrin yerləşdirilməsi sahəsində böyük işlərin görülməsinə baxmayaraq, regionların inkişaf səviyyəsində nəzərəçarpan fərq qalmaqda idi. Üstəlik müstəqilliyimizin ilk illərində respublika rəhbərliyində buraxılmış kobud səhvlər nəticəsində regionların inkişafı, demək olar ki, dayandı, aqrar sektorda istehsal dəfələrlə aşağı düşdü, rayonlar maddi və maliyyə yardımlarından məhrum oldular. Artan yalnız astronomik məbləğə çatmış borclar idi. Dövlət büdcəsi gəlirlərinin çox aşağı səviyyədə olması bu vəziyyəti daha da gərginləşdirirdi. Siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə makrosabitləşmənin təmin edilməsinə nail oldu, regionlarda iqtisadi həyatın canlanması istiqamətində konkret tədbirlər müəyyənləşdirdi.

Əyalətlərimizin dirçəliş prosesinin mühüm başlanğıc nöqtəsi 2004-cü il fevralın 11-də Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında imzaladığı fərman oldu. Məqsəd və vəzifələrinin miqyasına görə Azərbaycanın tarixində analoqu olmayan bu sənəddə aşağıdakı taleyüklü məsələlərin həlli nəzərdə tutulmuşdu:

-regionlarda mövcud olan resurslardan səmərəli istifadə olunması;

-regionlarda sahibkarlığın inkişafı, yerlərdə olan istehsal müəssisələrinin fəaliyyətinin bərpası və işə salınması, yeni iş yerlərinin yaradılması;

-regionlarda müasir tələblər səviyyəsində istehsal, sosial infrastrukturun yaradılması;

-regionların sosial-iqtisadi inkişafında yaranmış uyğunsuzluğun, səmərəsiz miqrasiya proseslərinin əhəmiyyətli dərəcədə aradan qaldırılması.

Bu misilsiz layihənin həyata keçirilməsinə həm mərkəzi hakimiyyət orqanlarının, həm də yerli rəhbərliyin səyləri yönəldilmiş, xeyli büdcə vəsaiti ayrılmış, sahibkarların və xeyriyyəçilərin imkanları cəlb olunmuşdur. Şəhər və rayonlarda iqtisadiyyatın, sosial həyatın canlanması ilə bağlı əvvəllər görünməmiş miqyaslı işlər vüsət aldı. Azərbaycan kəndinin siması az qala gözümüzün qabağında dəyişir. Bölgələrdə istehsal və sosial infrastruktur obyektləri istifadəyə verilir. Təkcə daxili bazarı dolduran yox, artıq ixrac da edilən rəqabətədavamlı məhsullar meydana gəlmişdir. Ən başlıcası isə, kənd adamlarının ovqatı dəyişmiş, onların çöhrəsində yenidən təbəssüm görmək olar, bir çoxu iş yeri tapmışdır, deməli, kəndli ailələri yenidən dolanışıq əldə edir.

Naxçıvanda, Gəncədə, Xaçmazda, Yevlaxda, Lənkəranda, Mingəçevirdə, Şamaxıda, Zaqatalada və digər şəhər və rayonlarda görülən abadlıq, quruculuq işlərinin möhtəşəmliyi nəinki öz sakinlərimizi, həmçinin ölkəmizə gələn qonaqları da valeh edir. Dövlət başçısı qəti əmindir ki, bizim şəhər və rayonlarımızın gündən-günə tərəqqisi, yeni əsrin tələblərinə uyğun inkişaf etməsi üçün bu işlər daha böyük sürət götürməlidir. Məhz onun təşəbbüsü ilə abadlıq işləri üzrə ən qabaqcıl təcrübə ilə tanış olub gündəlik işlərində geniş istifadə etmək üçün müntəzəm olaraq xarici ölkələrə yerli hakimiyyət orqanlarının rəhbərlərindən ibarət qruplar göndərilir.

Bir müsbət cəhəti də xüsusi vurğulamaq lazımdır. Respublikanın sosial-iqtisadi həyatında regionların rolu yüksəldikcə, bütövlükdə sahibkarlığın, sərmayə mühitinin yaxşılaşması üçün yeni imkanlar açılır. Məsələn, qədim Şirvan torpağının mərkəzi Şamaxıda EFSEN şirkətlər qrupu tərəfindən müasir zavodların tikilməsi ölkənin xaricdən gələn bir sıra elektrik məişət maşınlarından asılılığını ciddi şəkildə azaltmağa imkan verəcəkdir. Ona görə də dövlət başçısı tələb edir ki, regionların inkişafı məsələsində sistemlilik olmalı, real sektora, daxili bazarın qorunmasına xidmət edən bütün iqtisadi mexanizmlərdən səmərəli istifadə edilməlidir. İxracı azaltmağımıza imkan yaradan istehsalat sahələrinin yaradılması ön plana çəkilməlidir. Artıq bu istiqamətdə uğurlu nəticələr göz qabağındadır.

Bir sözlə, respublikada dövlət-özəl sektor münasibətləri uğurla inkişaf edir. İş adamları görürlər ki, onların fəaliyyətini yaxşılaşdırmaq üçün dövlət güclü istehsal, sosial infrastrukturu yaradır, qanunvericilik bazasını təkmilləşdirir, əsassız yoxlamaların qarşısını alır, sahibkarlıq hərəkatının, xüsusilə kiçik biznesin inkişafına əngəl törədən maneələri aradan götürür. Dövlət başçısı bazara keyfiyyətsiz malların çıxarılmasına, əsassız inhisarçılığa, istehlakçıların hüquqlarının pozulmasına qarşı hökumətin sistemli tədbirlər görməsini məqsədəuyğun sayır.

Onu da qeyd edək ki, Dövlət proqramı özünün dəqiq məqsəd və vəzifələri, düşünülmüş nəzarət və icra mexanizmi ilə fərqlənir. Prezident İlham Əliyev müntəzəm olaraq rayonlara və şəhərlərə səfərlər edir, əhali ilə görüşlər keçirir, müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə ətraflı maraqlanır, məsul şəxslərin hesabatlarını dinləyir və proqramın yerinə yetirilməsini təmin etmək məqsədi ilə operativ qaydada müvafiq sərəncamlar imzalayır, hökumətə konkret tapşırıqlar verir. Prezidentin İcra Aparatı və müvafiq idarəetmə strukturları da proqramda müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinin müntəzəm olaraq təhlilini aparır, perspektivə istiqamətlənmiş zəruri tövsiyə və metodikalar hazırlayır.

Mübaliğəsiz deyə bilərik ki, cəmiyyətimizdə belə bir qəti inam yaranmışdır ki, təşəbbüskarı İlham Əliyev olan Dövlət proqramı müvəffəqiyyətlə reallaşacaq və hər bir bölgə özünün sosial-iqtisadi inkişafında yeni keyfiyyət mərhələsinə daxil olacaqdır. İş hamıya və gələcək üçün də kifayət qədərdir.

İlham Əliyev bəyan etmişdir: “Biz növbəti illər üçün də regional inkişaf proqramının davamını işləməliyik. Mən bu barədə artıq hökumətə göstəriş vermişəm. Növbəti illərdə görüləcək işlər tam şəkildə proqrama salınmalı, maliyyə resursları təmin olunmalıdır, icra mexanizmi və məsuliyyət daşıyan qurumlar da müəyyən edilməlidir. Beləliklə, biz Azərbaycanda qeyri-neft sektorunun inkişafına tam şəkildə nail ola biləcəyik. İndi bu, bizim üçün iqtisadi sahədə əsas məsələlərdən biridir”.

Son illlərdə Azərbaycanda daha bir taleyüklü problemin - işsizliyin ləğvi istiqamətində köklü irəliləyişlər əldə edilmişdir. İnkişaf etməkdə olan ölkələrin hamısının üzləşdiyi bu bəla bizə sovet dövründən miras qalmışdır. Keçən əsrin 70-ci illərində Heydər Əliyev artmaqda olan əmək ehtiyatlarının istehsal və xidmət sahələrinə cəlb edilməsi ilə bağlı irimiqyaslı tədbirlər həyata keçirmişdi. Respublika rəhbəri, ilk növbədə, əmək tutumlu, mütərəqqi sahələr hesabına sənayenin strukturunun təkmilləşdirilməsinə, çoxlu işçi qüvvəsi tələb edən və eyni zamanda, yüksək gəlir verən üzümçülüyün və şərabçılığın inkişafına dair İttifaq hökuməti tərəfindən xüsusi qərarların qəbul edilməsinə nail olmuşdu. Bu kimi irimiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda yüz minlərlə yeni iş yerləri yaradıldı. Təəssüf ki, müstəqilliyin ilk illərində iqtisadiyyatın böhran vəziyyətə düşməsi ilə əlaqədar işsizlik problemi yenidən çox kəskin xarakter aldı. Ona görə də ölkədə yaranmış demoqrafik şəraiti, məşğulluq problemini ətraflı təhlil edən İlham Əliyev seçkiqabağı çıxışlarında xalqa bəyan etdi ki, yaxın illərdə respublikada 600 min yeni iş yerinin yaradılması onun gələcək fəaliyyətinin prioritet istiqamətlərindən biri olacaqdır. Belə də oldu.

Faktlara müraciət edək. İndiyədək 660 mindən çox yeni, o cümlədən 400 mindən çox daimi iş yerləri yaradılmışdır ki, bunun da 85 faizindən çoxu regionların payına düşür. Bu, həqiqətən böyük nailiyyətdir. Axı, hər bir yeni iş yeri fəal həyatdan kənarda qalmış insanın sevincidir, cəmiyyətdəki stress gərginliyinin azalmasıdır, nəhayət, bu, əmək haqqı, sosial təminat, yoxsulluğun azalması, büdcə gəlirlərinin artması deməkdir. Bu tarixi missiyanı İlham Əliyev ardıcıl və böyük uzaqgörənliklə həyata keçirir.

Son dördillikdə görülmüş tədbirlər nəticəsində Azərbaycanın xarici ticarət əlaqələri yaxşılaşmış, ölkənin ödəmə balansında müsbət meyillər güclənmişdir. İdxalın strukturu təkmilləşmiş, ölkəyə müasir maşın və avadanlıqların, qabaqcıl informasiya texnologiyalarının gətirilməsi meyli genişlənmişdir.

Bu məsələni gələcək üçün də son dərəcə vacib sayan dövlət başçısı Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında demişdir: “Artıq ölkəmiz, demək olar ki, öz inkişaf potensialına görə regional müstəvidən çıxıbdır. Əgər adambaşına düşən büdcə xərclərini götürsək görərik ki, Azərbaycan dünya miqyasında çox qabaqcıl yerlərdədir. Bu ilin sonuna qədər Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 3,5 min dollar təşkil edəcəkdir ki, bu da çox yaxşı göstəricidir. Xüsusilə MDB məkanı üçün və başqa regionlar üçün. Biz gözləyirik ki, iqtisadi islahatların davam etdirilməsi nəticəsində 2008-ci ildə bu rəqəm 4,5 min dollara çatsın. Bu da artıq inkişaf etmiş ölkələrə yaxın olan ölkələrin səviyyəsidir. Növbəti illərdə biz bunu artıracağıq. Neft strategiyamız, iqtisadi islahatlar, yeni sənaye sahələrinin yaradılması, iqtisadi potensialın möhkəmlənməsi - bütün bunlar bizə bu imkanları yaradacaqdır”.

Ölkə iqtisadiyyatının sürətli inkişafı xeyli dərəcədə aqrar sektorla bağlıdır. Burada aparılan islahatların birinci mərhələsi başa çatmışdır. Kənddə, sözün əsl mənasında, azad bazar münasibətlərinə uyğun olan iqtisadi münasibətlər formalaşır, kənd təsərrüfatı məhsulları istehsalının artmasında müsbət meyillər sabit xarakter almağa başlayır. İlham Əliyev aqrar sektorun respublika iqtisadiyyatında rolunun artmasını fundamental əhəmiyyətli məsələ kimi qiymətləndirir və bu baxımdan fermer təsərrüfatlarına maliyyə-kredit, lizinq xidmətinin yaxşılaşdırılması üçün hökumətin qarşısında konkret vəzifələr qoymuşdur.

Eyni zamanda, Prezident bildirir ki, aqrar sektora dövlət qayğısı daha da artırılmalı, bu zaman dünya təcrübəsində özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edilməlidir. Bizim üzümçülük, pambıqçılıq, meyvəçilik, çayçılıq kimi əmək tutumlu, yüksək gəlirli ənənəvi sahələrimizin prioriteti bərpa olunmalıdır.

Yerli istehsalın inkişafı üçün mövcud olan bütün imkanlar araşdırılmalı, sahibkarların fəaliyyətlərinə mane olan əngəllər aradan qaldırılmalı, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində regionların rolu artırılmalıdır. İstehsalın intensivləşdirilməsi, torpaq, su ehtiyatlarından, kənd təsərrüfatı xammalından daha yüksək səviyyədə istifadə olunması, emal sənayesi müəssisələrinin səmərəli yerləşdirilməsi, rəqabət qabiliyyətli məhsul istehsalının stimullaşdırılması, aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması məsələlərinə daim diqqət yetirilməlidir.

İlham Əliyev Prezident seçiləndən sonra Azərbaycanın energetika bazasının möhkəmləndirilməsi istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsini də ön plana çəkdi. Çünki qloballaşan dünyada yalnız o ölkə dinamik və keyfiyyətli inkişaf edə bilər ki, onun enerji resursları ilə təminatı lazımi səviyyədə olsun. Təsadüfi deyil ki, bu sahədə beynəlxalq bazarlarda son dərəcə gərgin vəziyyət yaranmışdır, neftin qiyməti isə bütün ağlasığan rekordları üstələmişdir.

Son illər Naxçıvanda, Şəkidə, Astarada, Xaçmazda müasir standartlara cavab verən elektrik stansiyaları tikilib istifadəyə verilmişdir və bir sıra bu cür obyektlərin istifadayə verilməsi gözlənilir. Az vaxt ərzində Bakıda 30 yeni transformator məntəqəsi tikilmiş, 80 komplektləşdirilmiş transformator məntəqəsi quraşdırılmış, 15 transformator məntəqəsi əsaslı təmir edilmişdir. 46 belə məntəqədə və 16 yüksək gərginlikli yardımçı stansiyada ifrat yüklənmiş transformatorlar yeniləri ilə əvəz edilmiş, 45,5 km elektrikötürmə xətləri və 76 km kabel xətləri çəkilmişdir. Sumqayıt elektrik şəbəkəsi üzrə ümumi gücü 36 min kilovat olan 30 yeni transformator quraşdırılmış, 27,2 km yeni elektrikötürmə xətləri və 5,2 km kabel xətləri çəkilmişdir.

Dövlət başçısı hökumət, milli energetika idarəsi və bu istiqamətdə fəaliyyət göstərən digər strukturlara əhalinin və iqtisadiyyatın fasiləsiz elektrik enerjisi ilə təmin olunması, texniki itkilərin azaldılması və israfçılığın qarşısının alınması, elektrik enerjisi uçotunun yeni prinsiplər əsasında qurulması ilə əlaqədar aydın və dəqiq tapşırıqlar vermişdir.

İstifadə olunmuş elektrik enerjisinə görə yığım səviyyəsinin ən yüksək həddə çatdırılmasına və bütövlükdə energetika sisteminin ahəngdar fəaliyyətinə nail olmaq son dərəcə vacibdir.

Qarşıdakı illərdə respublikada bir sıra yeni istilik və su elektrik stansiyalarının tikintisi, mövcud enerji bloklarının əsaslı modernizasiyası, alternativ enerji mənbələri hesabına güclərin artırılması nəzərdə tutulur. Bir cəhəti də xüsusi vurğulamaq lazımdır: bu gün enerji resurslarının istehsalı, dünya bazarlarına çıxarılması yalnız ən müasir texnologiyalar əsasında həyata keçirilir, bu da öz növbəsində respublikanın kadr potensialından səmərəli istifadə olunmasını, müasir idarəetmə üsullarının tətbiqini tələb edir.

Bütün bu tədbirlər ölkənin energetika balansının yaxşılaşmasına, Azərbaycanın yaxın gələcəkdə elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsinə xidmət edəcək, bir çox ölkələrin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun strateji rolunu artıracaqdır. Bir sözlə, Azərbaycan qloballaşan dünya iqtisadiyyatının ən incə, eyni zamanda, ən mürəkkəb komponentlərindən sayılan yanacaq-energetika siyasətində əsaslandırılmış, özünün milli maraqlarını təmin edən mövqedən çıxış edir və bununla da beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurla inteqrasiya olmaq imkanlarını genişləndirir, haqlı olaraq qazandığı beynəlxalq nüfuzunu artırır. Ziddiyyət və çəkişmələrlə dolu müasir dünyada isə ərazisi və əhalisi çox da böyük olmayan ölkə üçün yüksək nüfuz, ilk növbədə, millətin təhlükəsizliyi və tərəqqisinə xidmət edir.

Qeyd etmək lazımdır ki, qədəm qoyduğumuz əsrin dinamikasını güclənən qloballaşma ilə yanaşı, dövlətlərin regonal səviyyədə yaxınlaşması və qarşılıqlı əlaqələrinin genişlənməsi prosesləri, dünya təsərrüfatının nisbətən müstəqil mərkəzlərinin yaranması istiqamətində inkişaf edən iri inteqrasiya strukturlarının formalaşması da müəyyən edir. Hazırda “regional qloballaşma” adlandırılan proses müşahidə olunur və Azərbaycan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda nüfuzlu mövqe tutmaqla, bu “meydançada” yetərincə fəal oyunçu kimi çıxış edir. Regional səviyyədə qarşılıqlı əlaqə ölkəmizin lider rolu oynadığı Cənubi Qafqazda misilsiz enerji və nəqliyyat layihələrinin həyata keçməsində həlledici amil olmuşdur. Bu da günümüzün reallığıdır.

Prezident İlham Əliyev demişdir: “Azərbaycanın uğurlu xarici siyasəti, bizim təşəbbüslərimiz. Həm siyasi, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində təşəbbüslərimiz qəbul olunur və bizim iradəmizdən asılı olaraq bu təşəbbüslər Azərbaycanı daha da gücləndirir və güclü mərkəzə çevirir. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın razılığı olmadan bu regionda heç bir siyasi, iqtisadi məsələlər, enerji, nəqliyyat məsələləri və başqa məsələ həll edilə bilməz. Bu həqiqət onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilir. Əgər bu ölkədən regional əməkdaşlıq məsələləri asılıdırsa, əgər bu ölkədən başqa ölkələrin enerji təhlükəsizliyi asılıdırsa, əgər bu ölkədən siyasi proseslərin inkişafı asılıdırsa, əlbəttə ki, bu, ölkəni regionun aparıcı ölkəsinə çevirir. Bax, budur bizim real nailiyyətlərimiz, nəticələrimiz, siyasətimiz və fəaliyyətimiz: həm daxildə iqtisadi artım, siyasi sabitliyin möhkəmlənməsi, ictimai ab-havanın yaxşı olması, həm də hüdudlarımızdan kənarda olan məsələlərin uğurlu həlli. Bu, məsələlərə qlobal yanaşmadır”.

Dövlət başçısının fəaliyyət proqramında Azərbaycanı güclü istehsal infrastrukturuna malik olan bir ölkəyə çevirmək məsələsi də xüsusi yer tutur. O dəfələrlə bildirmişdir ki, güclü iqtisadiyyat yaratmaq üçün müasir, inkişaf etmiş istehsal, sosial infrastruktur lazımdır. Buna isə dövlətin qayğısı, yardımı olmadan nail olmaq qeyri-mümkündür. Son 4 ildə bu istiqamətdə görülən işlərin miqyası həqiqətən valehedicidir.

Əsrlər boyu Azərbaycan həmişə sudan korluq çəkmişdir. XX əsrin əvvəllərində bakılılara indinin özündə də isifadə etdiyimiz Şollar suyunu bəxş etmiş unudulmaz Hacı Zeynalabdin Tağıyev müqəddəs iş görmüşdür. Sovet hakimiyyəti illərində bu köhnə problemin aradan qaldırılması üçün xeyli qüvvə və vəsait sərf olunmuşdu. Ötən əsrin 70-ci illərində Heydər Əliyev Bakının, digər şəhər və rayonların içməli su ilə təmin edilməsi üçün irimiqyaslı tədbirlər həyata keçirmişdir. Lakin bu məsələ yenə də əvvəlki kimi gündəlikdədir. Qeyd edək ki, respublikanın suya tələbatının 70 faizinin kənarda formalaşdığı bir şəraitdə bu gün problemə sistemli yanaşmaq, spesifik strategiya tələb olunur. Dövlət başçısı İlham Əliyev hələ 4 il bundan əvvəl bəyan etmişdi ki, Azərbaycan əhalisinin içməli suya olan tələbatını yaxşılaşdırmaq üçün mühüm tədbirlər görüləcəkdir. Bu gün inamla demək olar ki, bu vəd də uğurla yerinə yetirilir. Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə artıq 82 milyon manatdan çox vəsait xərclənmiş, bu il üçün isə 183,7 milyon manat ayrılmışdır. Layihənin nəzərdə tutulmuş vaxtda başa çatdırılması Bakı şəhərinin içməli su ilə təminatını xeyli yaxşılaşdıracaqdır. Bundan əlavə, paytaxtda su kəmərləri, anbarları, nasos stansiyaları, paylayıcı şəbəkələr, binadaxili su sistemləri və kanalizasiya qurğuları yenidən qurulacaqdır. Respublikanın bütün şəhər və rayon mərkəzlərində, xüsusilə kənd yerlərində geniş bir proqram həyata keçirilməlidir: su və kanalizasiya sistemlərinin yenidən qurulması və tikilməsi genişlənəcək, bu işlərə bələdiyyələr, özəl sektor strukturları cəlb ediləcək, sudan səmərəli istifadəni təmin etmək məqsədi ilə sayğacların qurulması başa çatdırılacaqdır.

Son dörd ildə 100 min nəfərə qədər insanın çalışdığı və ÜDM-in 5,5 faizini verən nəqliyyat sektoru dinamik inkişaf etmişdir. Nəqliyyat sektorunda bir sıra beynəlxalq əhəmiyyətli transmilli layihələr həyata keçirilmişdir ki, bunlardan ən mühümü uzunluğu 1768 kilometr və layihə gücü ildə 50 milyon ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istismara verilməsidir. Bu illərin ən mühüm iqtisadi, siyasi uğurlarından biri də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, Azərbaycan qazının Gürcüstana, Türkiyəyə, lap bu günlərdə isə Yunanıstana, yəni Avropa bazarına çatdırılmasıdır.

Dünya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradılması çərçivəsində Gəncə-Qazax avtomobil yolunun yenidən qurulması layihəsində nəzərdə tutulmuş Şəmkir-Qazax hissəsində ötən il tikinti işləri başa çatmış və beləliklə, ümumi uzunluğu 94 kilometr olan Gəncə-Qazax avtomobil yolu istifadəyə verilmişdir. Dövlət büdcəsi vəsaiti hesabına 57 kilometr uzunluğunda Quba-İspik-Xınalıq, 53 kilometrlik Masallı-Yardımlı, 47 kilometrlik Gəncə-Daşkəsən-Xoşbulaq, 19 kilometr uzunluğunda Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları da yenidən qurularaq istismara verilmişdir. Bundan başqa, Bakıda iki çoxsəviyyəli yol qovşağı və iki yeraltı piyada keçidi inşa edilmişdir, yaxın vaxtlarda daha bir neçə bu tipli obyektin istifadəyə verilməsi gözlənilir.

Dəniz nəqliyyatının və mülki aviasiyanın fəaliyyətinə nəzarətin və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət tənzimlənməsinin lazımi səviyyədə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasiyası yaradılmışdır.

2007-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə 88 milyon ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,8 faiz çoxdur. Beynəlxalq maliyyə qurumlarının iştirakı ilə TRASEKA və Şimal-Cənub dəhlizlərinin tərkibində uzunluğu 85,6 kilometr olan Hacıqabul-Kürdəmir avtomobil yolunun, 136 kilometrlik Ələt-Astara avtomobil yolunun Ələt-Masallı hissəsinin ilk 22 kilometrlik sahəsinin yenidən qurulması, eləcə də 21,5 km uzunluğunda Bakı dairəvi avtomobil yolunun inşasına dair investisiya layihələrinin həyata keçirilməsi uğurla davam etdirilir. Eyni zamanda, cari ildə uzunluğu 53 kilometr olan Ucar-Yevlax avtomobil yolunun yenidən qurulmasına və Tovuz dairəvi yolunun tikintisinə başlanılmışdır. Bundan başqa, 2007-ci ilin sonunadək Yevlax-Gəncə avtomobil yolunun ən yüksək texniki dərəcənin tələblərinə uyğun yenidən qurulması (əlavə 2 zolaq tikilməklə), Bakı-Samur avtomobil yolunun 28-89 kilometrlik hissəsinin, 124 kilometrlik Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun, 38 kilometr uzunluğunda Qazax-Gürcüstanın dövlət sərhədi avtomobil yolunun, Ələt-Astara avtomobil yolunun 59 kilometr uzunluğunda Masallı (Qumbaşı)-Astara hissəsinin yenidən qurulması layihələri üzrə işlərin başlanılması nəzərdə tutulmuşdur.

2007-ci ildə 75 kilometrlik Muğanlı-İsmayıllı avtomobil yolunun, 45 kilometrlik Şəmkir-Gədəbəy, Qusar-Əniq-Suvar (37 km), Tovuz-Böyükqışlaq (40 km) və Tovuz-Əlibəyli (19 km) avtomobil yollarının yenidən qurulması və bərpası layihələri də regionların yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və təkmilləşdirilməsinə yönəlmişdir. Bundan əlavə, Azərbaycanın bir çox şəhər və rayon mərkəzlərində kəndlərarası, kənd yolları müasir görkəm alır, körpülərin tikintisi və bərpası üzrə işlər aparılır.

Nəqliyyat sektorunun digər sahələrində də ölkənin bütövlükdə infrastrukturunun yeniləşməsində müstəsna əhəmiyyət kəsb edən həqiqətən köklü dəyişikliklər baş verir. Milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası, yüklərin, enerji daşıyıcıların beynəlxalq və tranzit nəqlində Azərbaycanın aparıcı mövqeyinin saxlanılması və gücləndirilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması yaxın perspektivin ən vacib vəzifələrdəndir. Hazırda dövlət başçısının tapşırığı ilə nəqliyyat sektorunun inkişafı ilə əlaqədar görülən irimiqyaslı işlər günü-gündən vüsət alır. Görünür, ölkə iqtisadiyatının ki, həm milli maraqlarımızı, həm də Azərbaycanın tutduğu geosiyasi məkanın üstünlüklərini özündə cəm edən bu mühüm sektorunun uzunmüddətli inkişaf strategiyasının hazırlanması vaxtı gəlib çatmışdır.

İlham Əliyev reallığı obyektiv qiymətləndirən, gələcəyə nikbin baxan, Azərbaycanda sivilizasiyalı cəmiyyət qurmağı dövlətin ali məqsədi sayan liderdir. Ona görə də innovasiyalı inkişafa istiqamətlənmiş iqtisadiyyatın qurulmasını, tərəqqinin amili kimi elm və təhsildən fəal istifadəni ön plana çəkir. Çünki davamlı tərəqqi yalnız keyfiyyətli məhsul istehsala və yeniliklərə arxalanan innovasiyalı iqtisadiyyat sayəsində mümkündür. Ölkə yalnız dünyada gedən ən yeni innovasiya proseslərinə üzvi surətdə qoşulmaqla, bütün mühüm yeniliklərdən, o cümlədən təşkilatçılıq və idarəçilikdə tez bir zamanda bəhrələnməklə labüd qloballaşma proseslərindən səmərə əldə edə bilər, onun qurbanına çevrilməz.

Son 4 ildə yüksək informasiya texnologiyalarının ümumi daxili məhsulda payı artmağa meyil etmişdir və hazırda hesablamalara görə, 4-5 faiz arasında tərəddüd edir. Bu, gənc müstəqil dövlət üçün ən mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər. 2007-ci ilin yanvar-sentyabr aylarında bütün növ rabitə və telekommunikasiya xidmətlərindən ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çox gəlir əldə edilmişdir. Mövcud telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə, o cümlədən elektron rəqəmli ATS-lərin quraşdırılmasına və beynəlxalq rabitə trafikinin gücləndirilməsinə dair çoxsaylı layihələr müvəffəqiyytlə həyata keçirilir. Ölkənin informasiya-kommunikasiya sektorunda struktur islahatları və idarəetmənin təkmilləşdirilməsi çərçivəsində bir sıra rabitə müəssisələrinin özəlləşdirilməsi davam etdirilir, xarici iş adamları ilə müştərək strukturlar yaradılır. ATS-lərin, poçt şöbələrinin tikintisi, yenidən qurulması və müasir avadanlıqla təchiz edilməsi işləri davam etdirilir.

Hazırda Azərbaycanın informasiya cəmiyyətinə fəal inteqrasiyası, elektron hökumətin formalaşması və intellektual potensialın inkişafı, bütövlükdə sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi ən mühüm məsələlərdən birinə çevrilmişdir. Ölkə rəhbərliyi tərəfindən İKT sektorunun inkişafı neft-qaz sənayesindən sonra ikinci prioritet sahə kimi müəyyən edilmişdir.

Yaxın gələcəkdə ölkə vətəndaşlarının və sosial təsisatların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühit yaradılacaq, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarənin həyata keçirilməsi üçün elektron hökumətin yaradılması imkanları xeyli genişlənəcək, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin daha əhatəli təşkili, ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası istiqamətində uğurlu addımlar atılacaqdır.

Hamıya bəllidir ki, XXI əsrdə yalnız kütləvi şəkildə, əhalisinin çox hissəsinin iştirakı ilə informasiya cəmiyyətinin nailiyyətlərinə qoşulub ondan bəhrələnə biləcək ölkələrin perspektivləri vardır. Yerdə qalanlar öz yerlərini tapa bilməyəcəklər.

İqtisadi artım siyasəti sosial siyasətə qarşı qoyula bilməz. İqtisadi artım hər şeydən əvvəl bizə vətəndaşların rifahını yüksəltmək üçün lazımdır, bir sıra mühüm problemlərin həlli də artımla bağlıdır. Bu, keyfiyyətli qidalanma, rahat mənzil, işığın, qazın, suyun fasiləsiz verilməsidir. Nəhayət, bu, keyfiyyətli təhsil, müasir səhiyyə və s. deməkdir. Biz bu gün qürur hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, onun maliyyə imkanları da genişlənir ki, bu da sosial problemlərin həlli istiqamətində mühüm tədbirlərin görülməsi üçün güclü zəmin yaradır. Əmək haqqının, pensiyaların, aztəminatlı ailələrə yardımın ildən-ilə artması təmin edilir, sosial sferanı əhatə edən sahələrin maddi-texniki bazası möhkəmlənir və bu işlərin gələcəkdə daha geniş vüsət alacağı bəyan edilir. 2000-ci ildə dövlət büdcəsinin gəlirləri 714,6 milyon manatdan çox deyildi. 2007-ci ilin təsdiq edilmiş büdcəsinin gəlirləri isə artıq 5,7 milyard manat olmuşdur. Cəmi 8 il ərzində bu rəqəm 8 dəfədən çox artmışdır! 2003-cü ilə nisbətən dövlət büdcəsinin gəlirləri 4,6 dəfə çoxalmışdır. Diqqətəlayiq haldır ki, nəinki MDB məkanında, hətta dünyada bənzəri olmayan belə inkişaf meyli heç şübhəsiz düşünülmüş, gələcəyə istiqamətlənmiş inkişaf strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.

Güclü iqtisadi inkişaf, maliyyə imkanlarının artması həm iqtisadi, həm də sosial prioritetlərin düzgün seçilməsi imkanlarını genişləndirir, ölkənin pul-kredit, büdcə siyasətində təkmilləşmələr aparılmasını zəruri edir. Bu yeniliklərdən biri ÜDM-də büdcənin xüsusi çəkisinin artması ilə əlaqədardır. Bu nisbətin dövlət büdcəsinin xeyrinə dəyişməsi dövlətin sosial-iqtisadi proseslərdə iştirakının artmasını, onun öz funksiyalarını daha müvəffəqiyyətlə yerinə yetirməsini nümayiş etdirir.

Xatırladaq ki, müstəqilliyin ilk illərində büdcənin gəlirləri və xərcləri ÜDM-in cəmi 12-13 faizini təşkil edirdi. Son illər bu nisbət 24-25 faizə çatmışdır. Açıq deyək ki, keçid dövrünü yaşayan az-az dövlətlər bunu özünə rəva görə bilər. Büdcə xərclərimizin strukturu da köklü surətdə dəyişir, təhsilə, səhiyyəyə, elmə ayrılan xərclərin həcmi əhəmiyyətli dərəcədə artır.

2008-ci ilin büdcə proqnozları ölkənin maliyyə imkanlarının genişlənməsini, habelə dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf proqramlarının müvəffəqiyyətlə həyata keçiriləcəyini bir daha təsdiqləyir. Dövlət büdcəsinin gəlirləri təxminən 7,5 milyard manat, xərcləri isə 8,5 milyard manat olacaq ki, bu da 2004-cü ilin müvafiq göstəricilərindən 4,9 və 5,6 dəfə çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 27,5 faiz proqnozlaşdırılır. Təhsilin inkişafına ayrılan büdcə vəsaiti təxminən 1 milyard manata çatacaqdır. Müqayisə üçün qeyd edək ki, 2000-ci ildə dövlət büdcəsinin bütün xərcləri cəmi 760 milyon manata bərabər idi.

Cəmiyyətimiz bizi gözləyən hər hansı çağırışa intellektual cəhətdən hazır olmalıdır. Bu səbəbdən də ilk növbədə təhsilə, elmə, insanın inkişafı ilə bağlı nə varsa, ona vəsait qoymaq lazımdır. Dövlət başçısı Azərbaycan xalqının gələcəyi, onun dünya xalqları arasında layiqli yer tutması naminə təhsilə, elmə diqqətin bundan sonra da artırılacağını birmənalı şəkildə bəyan etmişdir. Çünki qloballaşan dünyada yalnız ən yüksək elmi-intellektual potensiala malik olan ölkə özünün suverenliyini, milli mənəvi dəyərlərini daha layiqincə qoruya biləcəkdir.

Bir məsələni də qeyd etmək istərdim. Respublikanın maliyyə imkanları genişləndikcə, dövriyyəyə buraxılan pul kütləsinin miqdarı artdıqca inflyasiya təzyiqləri də artmağa meyil edir. Bunun obyektiv səbəbləri az deyil, hər şeydən əvvəl, dünya bazarında neftin qiymətinin sürətlə artmasıdır ki, bu da ölkəmizə gətirilən maşın və avadanlıqların, ərzaqın və digər məhsulların qiymətinə birbaşa təsir edir. Əgər MDB məkanına nəzər salsaq görərik ki, o ölkələrdə də inflyasiya çox yüksək sürətlə artır. Hətta bir sıra ölkələrdə son bir neçə ay ərzində ərzaq məhsulları 40-50 faiz bahalaşıbdır. Əlbəttə, bu o demək deyil ki, biz bu vəziyyətlə barışmalıyıq. Ancaq bütün bu proseslər reallıqda baş verir və əlbəttə, ölkədə bahalaşmaya gətirib çıxarmışdır. Bununla bərabər, subyektiv məqamlar da var və bunları qətiyyətlə aradan qaldırmalıyıq. Söhbət daxili bazarda qiymətlərin sabitliyinə heç də müsbət təsir göstərməyən inhisarçılıqdan, qeyri-sağlam rəqabətdən gedir.

Bütün istiqamətlərdə iqtisadi fəallığın artması şəraitində, sosial təminatda müsbət dəyişikliklərin getdiyi bir vaxtda inflyasiyanın idarə olunması günün kəskin problemləri sırasına çıxır. Təsadüfi deyil ki, dövlət başçısı hökumətdən sərt şəkildə tələb etmişdir ki, antiinflyasiya tədbirləri vaxtında hazırlanmalı və daha əsaslı şəkildə həyata keçirilməlidir. İstehlak bazarında qiymətlərin süni surətdə artırılması hallarının, ilk növbədə, inflyasiyanı qızışdıran artımların qarşısı alınmalıdır. Bu cür qiymət artımı azad bazar münasibətlərinə uyğun deyil və dövlət məhz buna görə qabaqlayıcı tədbirlərdən, o cümlədən inzibati mexanizmlərin imkanlarından istifadə etməyə borcludır. Bu da təbiidir, çünki hər bir ölkə bu kimi hallara qarşı fəal mübarizə aparır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında demişdir: “Növbəti aylarda və 2008-ci ildə də makroiqtisadi vəziyyətə böyük diqqət göstərməliyik. Giriş sözümdə bunu qeyd etdim ki, inflyasiyanın 15-16 faizə qalxması məni çox narahat edir. Yenə də deyirəm, bunun həm təbii, həm də süni səbəbləri var. Biz təbii səbəblərə qarşı iqtisadi islahatlarla, makroiqtisadi addımlarla mübarizə apara bilərik. Süni səbəblərə qarşı isə biz gərək çox ciddi siyasət aparaq. İnzibati addımlar atılmalıdır, bu problemləri yaradan şirkətlərə qarşı sanksiyalar tətbiq olunmalıdır. Onlar çox ciddi cəzalandırılmalıdır ki, Azərbaycanda sağlam rəqabət mühiti möhkəmlənsin, inhisarçılığa son qoyulsun. Əfsuslar olsun ki, həm idxalda, həm də yerli istehsalda inhisarçılıq meyilləri hələ də qalmaqdadır. Buna qarşı böyük mübarizə aparılmalıdır. Bu, öz növbəsində, inflyasiyanın birrəqəmli səviyyədə qalmasına kömək göstərəcəkdir. Mən ümid edirəm ki, 2008-ci ildə inflyasiya birrəqəmli səviyyədə olacaqdır. Çünki 2008-ci ildə heç bir kommunal ödənişlərin qaldırılması nəzərdə tutulmur”.

Müstəqilliyin ilk illərində Azərbaycanın xəzinəsi demək olar ki, boş idi, xaricin ölkəmizə inamı yox dərəcəsində idi, ona görə də hər hansı ciddi kreditdən söhbət belə gedə bilməzdi. Heydər Əliyev bu ağır maneələri dəf edərək, gənc respublikanı uçuruma aparan hadisələrin gedişatını dəyişə bildi, ölkədə siyasi, iqtisadi sabitliyə nail oldu, bu da beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan marağını xeyli dərəcədə artırdı. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, sonra isə digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa başladılar, respublikaya özlərinin sərt maraqlarına uyğun kredit ayırdılar.

Biz bu mərhələni də uğurla keçdik. Heydər Əliyevin uzaqgörənliyi, neft strategiyası öz bəhrəsini verdi. İndi Azərbaycan hər hansı çətinliklə üzləşmir və məsələn, 1-2 milyard dollarlıq kredit almaq üçün heç bir problem yaranmır. Çünki Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu var, iqtisadi cəhətdən ildən-ilə güclənir, beynəlxalq əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi göstərir, borclarını dəqiqliklə, vaxtlı-vaxtında ödəyir. Ölkəmizin xarici borcunun məbləği ümumi daxili məhsulun tərkibində 9-10 faiz arasında tərəddüd edir. Bu, MDB ölkələrinin, eləcə də çoxsaylı digər ölkələrin müvafiq göstəricisindən xeyli aşağıdır. Əlbəttə, alınmış kreditlərdən səmərəli istifadə olunması, bu vəsaitlərin real sektorun perspektivli sahələrinə yönəldilməsi prioritet vəzifələrdən biridir.

Biz yaddan çıxarmamalıyıq ki, bazar münasibətlərini inkişaf etdirmək məqsəd deyil, o, tərəqqi, yüksək keyfiyyətli yaşayışı təmin etmək vasitəsidir. Dünya dəyişir, dövlətin rolu da dəyişir. Onun funksiyaları qloballaşan dünyanın yeni, daha sərt çağırışları ilə üz-üzə gəlir. Belə bir şəraitdə o dövlət daha çox uğur qazanır ki, o bazarı fetişləşdirmir, ona davamlı, dayanıqlı inkişafın çox vacib bir vasitəsi kimi baxır.

Son 4 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, iqtisadi gücünün artmasına, davamlı və dayanıqlı inkişafın uzun illər təmin edilməsinə yönəldilmişdir. Bizə yeni uğurlar gətirən bu strateji xətt təkidlə və ardıcıllıqla həyata keçirilir.

Dörd il tarix üçün bir andır. Ancaq Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev üçün bu dörd il özünüsübut və özünütəsdiq illəri oldu, qloballaşan dünyada Azərbaycanın inamla inkişaf etdiyi illər oldu. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri, ən təcrübəli siyasətçilər, başlıcası isə, bütün xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev tərəfindən möhkəm əsası qoyulmuş əbədi suverenlik, sabitlik, iqtisadi inkişaf, sülh və əmin-amanlıq siyasətini bundan sonra da davam etdirməsini haqlı olaraq ölkənin gələcək davamlı inkişafının etibarlı təminatı hesab edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH