Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyada birinci olub
Bakı, 25 yanvar, AZƏRTAC
İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında 21-ci "Alpe Adria" beynəlxalq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən 988 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan gənclərdən ibarət milli komanda ilə təmsil olunub. Azərbaycan cüdoçuları mötəbər turnirdə 9 medal qazanıblar.
Müxtəlif çəki dərəcələrində 3 cüdoçumuz - Natiq Qurbanlı, Murad Heydərli, Hasil Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsmayıl İbrahimov və Samir Ağayev yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Kəramət Hüseynov, Tofiq Məmmədov, Azər Yaqubov və Rüfət Tağızadə İtaliyada bürünc medala sahib olublar.
Azərbaycan ümumi komanda hesabında "Alpe Adria" turnirini birinci yerdə başa vurub.