Gəncə Kommersiya Məhkəməsinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Gəncə, 17 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Kommersiya Məhkəməsinin əməkdaşları “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ekskursiyadan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qonaqlara Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyəti və Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.
Ekskursiyadan sonra dəyirmi masa ətrafında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərindən bəhs edilib. Gəncə Kommersiya Məhkəməsinin sədri Rəşad Məmmədov bildirib ki, 2023-cü il mayın 10-da Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Sədr qeyd edib ki, 1990-cı ilin əvvəllərində ağır vəziyyətə düçar olmuş Azərbaycan xalqının yanında olmağa qərar verən Ulu Öndər Moskvadan Vətənə qayıtdı. 1993-cü ilin iyununda Azərbaycan çox qorxunc təhlükələrlə üz-üzə qaldığı bir vaxtda xalq Ulu Öndərini köməyə çağırdı. Vətənin ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi, uzaqgörən və düşünülmüş siyasəti ilə ölkəni inkişaf yoluna çıxardı.
Gəncə Kommersiya Məhkəməsinin hakimləri Kənan Vəliyev, Gülnaz Quliyeva və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd ediblər ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaq.
Sonda “Xalqa bağışlanmış ömürdən anlar” adlı videoçarx nümayiş olunub.