Gəncədə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib
Gəncə, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Gəncə Maarif Evinin akt zalında gənclərin iştirakı ilə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir təşkil olunub.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi yad edilib.
Çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev və Gəncə Dövlət Universitetinin Tarix kafedrasının müəllimi Ümid İsmayılov qeyd ediblər ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Bildirilib ki, 1990-cı il 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutudur. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində mühüm rol oynayıb. 20 Yanvar faciəsi xalqın yaddaşında öz layiqli yerini tutmağa başlayır, matəm günündən daha çox müstəqilliyə gedən yol, milli qürur, iftixar, milli müqavimət günü kimi qavranılır.
Sonra tədbir iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı sənədli filmə baxıblar.