Gəncədə “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!” adlı konsert proqramı keçirilib
Gəncə, 21 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!" adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi yad edilib.
Niyazi Bayramov çıxış edərək, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan Ümummilli Lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə silsilə tədbirlərin keçirildiyini qeyd edib, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salıb.
Uşaq Səfirlər Məclisinin Gəncə üzrə nümayəndəsi Hüseyn İsmayılov çıxışında Ümummilli Liderin uşaqların sağlamlığını, onların yaxşı təhsil və təlim-tərbiyə almasını, Vətənə və xalqa gərəkli övlad kimi böyüməsini daim diqqət mərkəzində saxladığını söyləyib.
Sonra Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında Ulu Öndərə ithaf olunmuş mahnılar, musiqi nümunələri təqdim edilib. Konsert proqramı alqışlarla qarşılanıb.
Tədbirdə fəal iştirakına görə özfəaliyyət kollektivləri YAP Gəncə şəhər təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olunublar.