Gəncədə Qafqazın ən böyük ailə-uşaq istirahət-əyləncə mərkəzi
Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə yerli sakinlərin və şəhərə gələn qonaqların istirahətinin maraqlı və yaddaqalan keçməsi üçün daha bir əyləncə mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev park kompleksinin 10 hektara yaxın ərazisində yaradılan “GəncLand” Qafqazın ən böyük ailə-uşaq istirahət-əyləncə mərkəzi hesab olunur.
Yaşıllıqların əhatəsində salınan mərkəzdə istirahətə gələn ailələr üçün bütün növ xidmətlər təklif olunur. Əyləncə mərkəzinin ərazisində 10 yaşadək uşaqlar üçün “Uşaq dünyası” meydançası, “Ana və uşaqlar” kafesi, hər gün axşam saatlarında bir-birindən şən və maraqlı tamaşaların nümayiş olunduğu ödənişsiz amfiteatr mövcuddur.
Əyləncə mərkəzində bütün yaşda olan uşaqlar, yeniyetmə və gənclər üçün 30 ədəd müxtəlif attraksion, ayaqüstü şahmat, 8D tir, 7D kinoteatr, ölkənin qərb regionunda ən böyük “Mustanq” atçılıq klubu, futbol meydançaları, ailəvi kafe və restoranlar fəaliyyət göstərir.
Həmçinin hündürlüyü 50 metr olan “Ətrafa baxış” dairəvi karuseli, “Qalaktika”, “Amerikan təpəcikləri”, “Nəhəng gəmi”, “Qar axını”, “Avtoralli”, “Yanan kürə” kimi əyləncə vasitələri istirahət mərkəzini ekstremal macəra axtaranlar və adrenalin həvəskarları üçün ideal məkana çevirir.
Əyləncə mərkəzinin ərazisi həm də yaşıllıqlar qoynunda böyük bir parkı xatırladır. Ərazidə yalnız müxtəlif əyləncə vasitələri, ictimai iaşə obyektləri deyil, həm də körpələr və az yaşlı uşaqlar üçün 60 ədəd müxtəlif heyvan və quş heykəlləri, fiqurlar, eləcə də uşaqların cizgi filmlərindən yaxşı tanıdıqları personajların və nağıl qəhrəmanlarının heykəlləri quraşdırılıb.
Mərkəzə gələnlər attraksion və restoran xidməti istisna olmaqla, parkda ödənişsiz istirahət edə, amfiteatr tamaşalarını, eləcə də müxtəlif əyləncə və konsert proqramlarını izləyə bilərlər.