Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı coşqusu
Gəncə, 24 aprel, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Filarmoniyanın foyesində Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət məktəbinin şagirdlərinin sərgisinə baxış keçirilib.
Tədbir Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən rəsmilər 23 Aprel - Türkiyənin Milli Suverenlik və Uşaq Bayramının əhəmiyyətini vurğulayıblar.
Çıxışlardan sonra konsert proqramı təqdim edilib. Proqramda “Xəmsə” nağara ifaçıları ansamblı, 5 nömrəli Uşaq Musiqi Məktəbinin aşıqlar ansamblı, 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Gəncəm” vokal triosu və 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor qrupu müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi yaradıldığı tarix türk xalqının suverenliyinin elan edildiyi gün kimi qəbul olunur. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi barədə qərar imzalayıb. 1929-cu ildən etibarən isə bu gün Türkiyədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur.
Müxbir - Elcan Məmmədov