İDMAN
GƏNCLƏR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI BAKIDA KEÇİRİLƏCƏKDİR
İyulun 14-dən 24-dək gənclər arasında şahmat üzrə Avropa çempionatı ilk dəfə olaraq Bakıda keçiriləcəkdir. Şəxsi birincilik üzrə keçiriləcək çempionatın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Şahmat Federasiyasıdır. Təşkilat komitəsinin sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Milli Məclisin deputatı Aynur Sofiyeva çempionatdan bir gün əvvəl keçirilmiş mətbuat konfransında bildirmişdir ki, belə mötəbər yarışın ölkəmizdə keçirilməsi dövlətimizin başçısı Heydər Əliyevin idmanın inkişafına göstərdiyi daimi qayğı sayəsində mümkün olmuşdur.
Çempionatda dünyanın 16 ölkəsindən 20 yaşınadək 64 idmançı iştirak edəcəkdir. Yarışlarda Azərbaycanın seçmə komandası 22 şahmatçı ilə təmsil olunacaqdır. Onların arasında beynəlxalq qrossmeysterlər və ustalar, o cümlədən beynəlxalq yarışların mükafatçısı Vüqar Həşimov, 18 yaşınadək qızlar arasında dünya çempionu Zeynəb Məmmədyarova, Mehriban Şükürova da vardır. Dəfələrlə Avropa çempionu və yeniyetmələr arasında dünya çempionu Teymur Rəcəbovun çempionatda iştirakı gözlənilmir. O, indi xüsusi proqram üzrə hazırlıq keçir.
Çempionatın baş hakimi, FİDE-nin hakimi Faiq Həsənov demişdir ki, bu oyunlar on-layn rejimində çempionatın saytı ilə translyasiya olunacaqdır. İsveçrə sistemi üzrə 11 tur keçiriləcəkdir. Qaliblərə çempionatın emblemi və Qızqalasının təsviri olan kuboklar təqdim olunacaqdır. Açılış mərasimində Avropa Şahmat İttfaqının prezidenti sloveniyalı Boris Puti və məşhur gürcü şahmatçısı Nonna Qaprindaşvilinin iştirakı gözlənilir.