GƏNCLƏR ARASINDA YUNAN-ROMA VƏ SƏRBƏST GÜLƏŞ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNƏ START VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Bakı İdman Sarayında gənclər arasında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan birinciliyinə start verilmişdir.
Turnirin təntənəli açılış mərasimində dövlət himni səsləndirilmişdir.
Tədbirdə Gənclər və İdman nazirliyinin idman idarəsinin rəisi Mirkamil Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Azərbaycan Güləş Federasiyasının baş katibi Cavid Qurbanov çıxış edərək turnir iştirakçılarına uğurlar arzulamışlar.
Bildirilmişdir ki, ötən dövr ərzində gənc güləşçilərimiz beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumuş və vətənə medallarla dönmüşlər.
Natiqlər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişin baş verdiyini, ölkəmizdə bir çox beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etmişlər. Prezident İlham Əliyevin göstərişi ilə respublikamızın bir çox bölgələrində olimpiya-idman komplekslərinin tikilməsini diqqətə çatdıran natiqlər, bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini vurğulamışlar.
Turnirin ilk günündə döşək üzərinə 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində olan sərbəst güləşçilər çıxmışlar.
Fevralın 4-də isə yunan-Roma güləşçiləri mübarizəyə qatılacaqlar.
Gənclər və İdman Nazirliyinin Milli Olimpiya Komitəsi və Güləş Federasiyası ilə birgə təşkil etdiyi turnirdə mükafatlar uğrunda ölkəmizin bütün bölgələrini təmsil edən güləşçilər mübarizə aparırlar.
Yarışlara fevralın 5-də yekun vurulacaqdır.