Gənclər Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyini ziyarət ediblər
Naxçıvan, 20 yanvar, AZƏRTAC
Tarixi gerçəkliklərin öyrənilməsi, gənclərin vətənpərvərlik hisslərinin artırılması məqsədilə bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiya təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin təşkilatçılığı ilə reallaşan muzey ekskursiyasında 30-dan çox könüllü iştirak edib.
Muzeyin bələdçisi mədəniyyət müəssisəsinin yaranma tarixi və ekspozisiyası haqqında məlumat verib. Bildirib ki, muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri muzeydə nümayiş olunan eksponatlarda öz əksini tapıb. Döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.
Qeyd olunub ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. Xatirə Muzeyində həmin illərdə Bakıda və Naxçıvanda baş verən hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Həmçinin burada şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.