Gənclər təşkilatları arasında birlik gücləndirilir
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) üzv, eyni zamanda, tərəfdaş gənclər təşkilatlarını ətrafına toplayaraq təşkilatlar arasında birlik və şəbəkələşmənin möhkəmlənməsi istiqamətində bir sıra tədbirlər keçirib.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, hazırda ölkəmizdə 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların fəaliyyət istiqamətləri fərqli olsa da, hər birinin amalı Azərbaycan gəncliyinin hərtərəfli inkişafına töhfə verməkdir. Bu hədəfə çatmaq üçün minlərlə gənci öz ətrafına toplayan gənclər təşkilatlarının sıx əməkdaşlığı və birliyi böyük əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbə milli birliyin əhəmiyyətini bir daha açıq-aşkar nümayiş etdirdi.
NAYORA gənclər təşkilatları arasındakı birliyi daha da gücləndirmək üçün onları bir araya gətirib. NAYORA-nın idarə heyətinin üzvləri bayram ərəfəsində əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Yürüşün ardınca ölkəmizin aparıcı gənclər təşkilatlarının nümayəndələri “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər. Məkan olaraq məhz sönməz alovu təcəssüm etdirən qoruğun seçilməsi gənclər təşkilatlarının birliyinin daimi olacağının rəmzi ifadəsidir. Karantin qaydalarına riayət olunmaqla keçirilən səfər çərçivəsində iştirakçılar öz fəaliyyətlərindən danışaraq fikir mübadiləsi aparıb və gələcəkdə təşkilatların mümkün əməkdaşlıq təkliflərini müzakirə ediblər.
Səfər Yanardağ ətrafında gənclər təşkilatlarının şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməsi ilə yekunlaşıb.
Qeyd edək ki, NAYORA-nın bu ilki devizi #Birlikdə adlanır. Artıq 26 ildir fəaliyyət göstərən NAYORA-nın əsas məqsədi tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaqdır.