Gənclərin "Birlik" milli adət-ənənələr düşərgəsi başa çatıb
Ağcabədi, 3 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Gənclər və İdman Nazirliyi tərəfindən 27 iyun-2 iyul tarixlərində Ağcabədi Olimpiya İdman Kompleksində gənclər arasında "Birlik" milli adət-ənənələr düşərgəsi keçirilib. Düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid-qazi və aztəminatlı ailələrin övladları da daxil olmaqla, 60 gənc cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgənin ilk günündə gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi və Qarabağ Atçılıq Kompleksində ekskursiyada olublar.
Düşərgə müddətində müxtəlif ustad dərsləri, folklor kollektivlərinin musiqili çıxışları, maarifləndirici təlimlər, intellektual oyunlar, idman yarışları keçirilib.