“Gənclərin rəqs dünyası” adlı yaradıcılıq müsabiqəsi keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi, həmçinin Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Xəzər rayon məktəbliləri arasında “Gənclərin rəqs dünyası” adlı yaradıcılıq müsabiqəsi keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqənin münsif heyətinin tərkibində Əməkdar artist Elçin Allahverdiyev, XII Ümumdünya Rəqs Festivalının diplomantı Dilbər Abdullayeva, Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru, “Səma” rəqs ansamblının rəhbəri Səma Sadıxova, Xəzər rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva yer alıblar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək, həmçinin uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda istedadlı gəncləri üzə çıxarmaqdır.