Geologiya və Geofizika İnstitutunda magistrantlar üçün dərslər onlayn rejimdə aparılır
Bakı, 8 aprel, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant qaydada həyata keçirilir. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, hazırda institutda geologiya, geologiya mühəndisliyi və geofizika mühəndisliyi ixtisasları üzrə biri ikinci kursda olmaqla 10 magistrant təhsil alır. Birinci kursda təhsil alan magistrantlar üçün 5 ixtisaslaşmanın tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər qəbul edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə aparılır. Dərslərə davamiyyət və qiymətləndirmə isə həm onlayn, həm də mühazirələr üzrə həyata keçirilir.
Professor-müəllim heyəti fənn proqramlarında nəzərdə tutulan mövzuları elektron telekоmmunikasiya vasitələri əsasında tədris edir. İnstitut rəhbərliyi dərslərə daim nəzarət edir, müəllim və tələbələrlə əlaqə saxlayaraq dərslərin gedişatı ilə maraqlanır.
Bununla yanaşı, ikinci kursda təhsil alan magistrantın elmi rəhbəri tərəfindən dissertasiya işinin yekunlaşdırılması üçün məsləhət saatları təşkil olunur.
Tədris prosesinin effektivliyinə və əhatə dairəsinə nəzarət etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən akademiyanın magistratura təhsilini həyata keçirən elmi müəssisələrin təhsil şöbələrinin rəhbərləri və magistrantlarla müntəzəm onlayn sorğular aparılır.