MƏDƏNİYYƏT
Georgi Çoqovadze: Azərbaycan Gürcüstanın əsas turizm tərəfdaşlarından biridir VİDEO
Tbilisi, 11 mart, Kamilla Əliyeva, AZƏRTAC
2015-ci ildə Gürcüstan özünün əsas turizm tərəfdaşları olan Azərbaycanda, Türkiyədə, Çində və Rusiyada marketinq kampaniyası keçirməyi planlaşdırır.
Bu sözləri Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze Azərbaycan, Qazaxıstan və Qırğızıstan KİV-lərinin nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində keçirilmiş seminarda deyib.
Onun sözlərinə görə, Gürcüstan Qafqazın turizm mərkəzi olmasına cəhd edir və bu istiqamətin inkişaf strategiyası üzərində iş aparılır. G.Çoqovadze deyib: “Bu gün bizim üçün ənənələri və əfsanələri qoruyub saxlamağı nəzərdə tutan mədəni turizmin inkişaf etdirilməsi vacibdir. Bu, turistləri cəlb etmək üçün lazımdır. Biz Gürcüstanın turizm potensialını istər iştirak etdiyimiz, istərsə də yeni bazarlarda reklam etdirmək niyyətindəyik”.
Seminarda Gürcüstan Somelye Assosiasiyasının prezidenti Şalva Xetsuriani ölkədə şərab hazırlamaq üsullarından, habelə onun özəl xüsusiyyətlərindən danışıb. Assosiasiyanın prezidenti tədbir iştirakçılarını son vaxtlar gürcü şərabının və somelye sənətinin ölkədə populyarlaşması istiqamətində uğurla həyata keçirilən işlər barədə də məlumatlandırıb. Fəaliyyət standartlarının hazırlanması və somelyenin professional inkişafı seminarda müzakirə edilən ən mühüm məsələlər sırasında olub.
Ş.Xetsuriani deyib: “Məlumdur ki, gürcü şərabı ölkənin hüdudlarından kənarda yüksək dad keyfiyyətləri və təkrarolunmaz ətri ilə məşhurdur. İstehsal olunan şərabın böyük hissəsi MDB və Avropa ölkələrinə ixrac olunur. Gürcüstan şərabının əsas idxalçısı Rusiya, digər iri idxalçıları Qazaxıstan, Polşa, Belarus, Çindir”.
Qeyd edək ki, press-tur çərçivəsində Azərbaycan KİV-nin 9 nümayəndəsi artıq Tbilisidə olub. Onlar növbəti günlərdə Mtsxeta, Qudauri, Borjomi, Batumiyə gedəcəklər. Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ı multimedia və videoxəbər şöbəsinin müxbiri təmsil edir.