GİMNASTLARIMIZ DÜNYA ÇEMPİONATINDA ÇIXIŞ EDƏCƏKLƏR
“Neftçi” İSM-in sədri Rauf Əliyev mətbuat xidmətinə bildirmişdir ki, komandamızın bu mötəbər yarışda iştirak etməsi Azərbaycanda gimnastikanın inkişaf səviyyəsindən və onun potensialından xəbər verir. Onun sözlərinə görə, oktyabrın əvvəllərində Bakıda yüksək səviyyədə təşkil edilən və uğurla keçirilən bədii gimnastika üzrə 27-ci Dünya çempionatı buna parlaq sübutdur.
R.Əliyev xüsusi xatırlatmışdır ki, Azərbaycan ümumkomanda hesabında 5-ci yeri tutmuş, D.Gimatova və A.Qurbanova çoxnövçülüyün yekunlarına görə dünyanın ən yaxşı 10 gimnastı sırasına düşmüş, 4 növ üzrə ayrı-ayrı yarışların 3-nün finalında iştirak etmiş, dünya birinciliyində ilk dəfə gücünü qrup təmrinləri üzrə sınayan komandamız isə lentlə yarışlarda 8-ci olmuşdur.
Tokio turnirinin reqlamentinə görə, D.Gimatova və A.Qurbanova yaşlıların, Cavadlı isə yeniyetmələrin yarışlarında iştirak edəcəklər. Çempionatın ilk günlərində çoxnövçülüyün qalibi müəyyənləşəcək, sonra isə ən güclü klubun adı məlum olacaqdır.