GİMNASTLARIMIZ İTALİYA VƏ PORTUQALİYADA 3 MEDAL QAZANMIŞLAR
Yeniyetmələr yarışında çıxış edən Nigar Mirzəyeva 14-cü nəticə göstərmişdir. Lakin gimnastlarımızın topladıqları xallar Azərbaycanı komanda hesabında Rusiya, Bolqarıstan və İtaliyadan sonra 4-cü yerə çıxarmışdır.
Portuqaliyanın Espinyo şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən digər yeniyetmə gimnast Zeynəb Cavadlı iki medal qazanmışdır. Bakı İdman məktəbinin yetirməsi halqa çıxışına görə ikinci yeri, iplə yarışda isə 3-cü yeri tutmuş, çoxnövçülükdə 4-cü nəticə göstərmişdir. Turnirdə bütün növlərdə Rusiya gimnastları qalib gəlmişlər.
Z. Cavadlının məşqçisi N.Qasımova demişdir: “Tamaşaçılar Zeynəbi yaxşı qarşılayırdılar və o, haqlı olaraq iki dəfə fəxri kürsüyə qalxdı. Doğrudur, lentlə təmrinlər bu gimnastın proqramında ən zəif məqam olaraq qalır. Ona görə də işləyəcəyik”.
Portuqaliyanın Koimbra şəhərində isə akrobatik gimnastika üzrə XX dünya çempionatı başa çatmışdır. Akrobatlarımız Ayla Əhmədova və Dinara Abbasova ilk təmrinlərdən sonra dördüncü yeri tuturdular. Bu duetin ikinci kompozisiyası az qiymətləndirildiyi üçün onlar 8-ci yerə düşmüşlər. Proqramın üçüncü və sonuncu kompozisiyanın ifasına görə onlar 26,98 xal almış və nəticədə 7-ci yeri tutmuşlar.
Federasiyanın mətbuat xidmətindən bildirmişlər ki, gimnastlarımız iyunun 23-24-də İrkutsk şəhərində keçiriləcək bədii gimnastika üzrə Dünya kuboku yarışlarında iştirak edəcəklər. Azərbaycanı turnirdə milli komandamızın liderləri Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova təmsil edəcəklər.