İQTİSADİYYAT
Gömrük Komitəsi sədrinin birinci müavini Səudiyyə Ərəbistanı Krallığında ikitərəfli görüşlər keçirib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil olunan Beynəlxalq Zəkat, Vergi və Gömrük Konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük İdarəsinin rəhbəri Suhail bin Muhammad Abanmi, Birləşmiş Ərəb Əmirliklərinin Federal Gömrük İdarəsinin baş direktoru Əhməd Bin Ləhəc Əl Fəlasi, İspaniya Gömrük və Aksiz İdarəsinin direktoru xanım Pilar Jurado Borrego, Portuqaliya Vergi və Gömrük İdarəsinin baş direktoru xanım Helena Maria Jose Alves Borges ilə keçirilən görüşlərdə ölkələrimizin gömrük xidmətləri arasında mövcud əlaqələrin perspektivlərindən bəhs edilib, gömrük işi sahəsində təcrübə mübadiləsinin, əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin gömrük əməkdaşları üçün təlimlərin keçirilməsi, gömrük sahəsində qarşıya çıxacaq məsələlərin operativ həlli, elektron məlumat və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.