Goranboyda qəbiristanlıqda atəş açan şəxs saxlanılıb
Bakı, 5 aprel, AZƏRTAC
Goranboyda qəbiristanlıqda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərk-silah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək sərxoş vəziyyətdə qəbiristanlığa gəlib və orada 2 dəfə havaya, 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Qədir Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir