Goranboyda şəhid ailələri və qazilər ilə görüş keçirilib
Bakı, 20 mart, AZƏRTAC
Goranboy rayonunda Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ağsaqqalları ilə birlikdə görüşdə iştirak edən Milli Məclisin deputatı Anar Məmmədov ölkəmizdə şəhid ailələrinə, əlillərə və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olan şəhidlərin ailələrinə, yaralanan qazilərimizə yüksək dövlət qayğısından danışan deputat bildirib ki, bu təbəqədən olan insanların daim problemləri diqqətdə saxlanılır.
Anar Məmmədov vurğulayıb ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaq. Şəhidlərin xatirəsinə ehtiram hamımızın vətəndaşlıq borcudur. Dövlətimiz şəhidlərin adını uca tutmaq və onların ailə üzvlərinin problemlərini həll etmək üçün bütün mümkün vasitələrdən istifadə edir.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Görüş zamanı şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.