GÖRKƏMLİ BƏSTƏKAR ƏDİLƏ HÜSEYNZADƏNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ KONSERTİ
Konsertin bədii rəhbəri, bəstəkar, xalq artisti, professor Musa Mirzəyev və gecənin aparıcısı Səadət Qarabağlı bəstəkarın həyat və yaradıcılığından danışmışlar. Qeyd olunmuşdur ki, 1916-cı il aprelin 28-də Bakıda anadan olan Ədilə Hüseynzadə dahi bəstəkar Üzeyir Hacıbəyovun sonuncu və sevimli tələbələrindən biri, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadındır. Ədilə xanım əvvəlcə konservatoriyanın vokal şöbəsində Bülbülün sinfində təhsil almışdır. Qısa müddətdən sonra məhz Bülbül öz tələbəsinin ilk romanslarının ifaçısı olmuşdur. Gənc bəstəkar “Yadigar” adlı ilk əsərini Ü.Hacıbəyova təqdim etdikdən sonra böyük ustadın sinfinə qəbul olunmuşdur. Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmiş Ə.Hüseynzadə Azərbaycan xalq musiqisinin incəliklərinə yiyələnmişdir. İlk əsərləri müvəffəqiyyət qazanan Ə.Hüseynzadə 1953-cü ildə Konservatoriyada professor Boris İ.Zeydmanın sinfini bitirmişdir. Ədilə xanım uzun illər ərzində müxtəlif janrlarda əsərlər - simfonik poema, xor əsərləri, simli kvartet, violonçel və fortepiano üçün sonatinalar, romanslar yazmışdır.
Bəstəkarın Səməd Vuğunun sözlərinə yazdığı xor və simfonik orkestr üçün “Gözəl Vətən”, Tofiq Mütəllibovun sözlərinə “Sülhün səsi” kantataları Moskvada ifa edilmiş və keçmiş SSRİ Bəstəkarlar İttifaqının müsbət rəyini qazanmışdır. Bəsti Bağırovaya həsr edilmiş simfonik poema “Zaqafqaziya baharı” dekadasında yüksək qiymət almışdır. Onun 4 hissəli simli kvarteti Azərbaycan Bəstəkarlar İttifaqının plenumunda yüksək qiymətləndirilmişdir. Bəstəkarın vokal musiqisi janrının inkişafında xidmətləri diqqətəlayiqdir. “Duyğular” əsərində (sözləri Rəsul Rza və Nigar Rəfibəylinindir) müəllif milli musiqidə az işlənən silsilə vokal formasından bəhrələnərək, incə dramaturji duyum, bədii obraz yaratmaq bacarığı nümayiş etdirmişdir.
“Arşın mal alan” filmində (1945) Ə.Hüseynzadə Asyanın partiyasını səsləndirmişdir. O, uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını öyrətmişdir. Bəstəkarlarımızın əsil Azərbaycan ziyalı xanımı adlandırdıqları Ədilə Hüseynzadə ömrünün 90-cı ilində vəfat etmişdir. Gözəl bəstəkar, həssas pedaqoq, maraqlı şəxsiyyətin işıqlı xatirəsi, əsərləri musiqisevərlərin qəlbində yaşayır və daim yaşayacaqdır.
Yubiley konsertində bəstəkarın romanslarını SSRİ xalq artisti Lütfiyar İmanov, opera və balet teatrının solisti İlahə Əfəndiyeva, müğənni Şahnaz Əliyeva, əsərlərini fortepianoda Elmira Kələşova, Tatyana Donbik, Kəmalə Neymanova, Nərminə Əfəndiyeva, violada Aleksey Miltix ifa etmişlər.