GÖRKƏMLİ KİNOREJİSSORUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tədbir iştirakçıları, əvvəlcə, kinoteatrın foyesində rejissorun çəkdiyi filmlərdən fotokadrlara tamaşa etdilər.
Mədəniyyət Nazirliyinin kino işləri şöbəsinin müdiri Cəmil Fərəcov yubiley tədbirini açaraq Azərbaycanda kinematoqrafiyanın inkişafında T.Tağızadənin əvəzsiz xidmətlərindən, kino tariximizdə onun özünəməxsus mövqeyindən danışdı. Natiq bildirdi ki, görkəmli rejissorun xidmətləri yüksək qiymətləndirilmiş, o, ölkəmizin bir sıra orden və medalları ilə təltif olunmuşdur.
Kinoşünas Aydın Kazımov T.Tağızadənin həyat və yaradıcılığı, filmləri barədə ətraflı məlumat verərək, rejissorun kinomuzun qızıl fonduna daxil olan “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Arşın mal alan”, “Dədə Qorqud” kimi filmlərinin sənətkarlıq xüsusiyyətlərindən bəhs etdi.
“Uzaq sahillərdə” filmində baş rolun ifaçısı Nodar Şaşiqoğlu, bu filmin rəssamı Kamil Nəcəfzadə və başqaları rejissorla birgə çalışdıqları günləri yada salaraq, onunla bağlı xatirələrini danışdılar.
Tədbirdə T.Tağızadənin quruluş verdiyi kinofilmlərdən parçalar göstərildi.