GÖRKƏMLİ XALÇAÇI RƏSSAMIN ŞƏXSİ MUZEYİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 5-də İçərişəhərin Qüllə küçəsindəki 18 nömrəli binada görkəmli xalçaçı rəssam, professor, milli mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan Kamil Əliyevin yaratdığı şəxsi xalça muzeyinin açılış mərasimi keçirilmişdir.
Muzeydə 100-dən artıq sənət əsəri nümayiş etdirilir. Onların arasında Füzuli, Nizami, Rabindranat Taqor, İndira Qandi, Atatürk, Heydər Əliyev, Aleksandr Puşkin və başqa görkəmli şəxsiyyətlərə həsr olunmuş portret xalçalar xüsusi maraqla qarşılanmışdır.
Rəssamlar ittifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov mərasimi açaraq, əlamətdar hadisə münasibətilə görkəmli sənətkarı təbrik etdi, Azərbaycan xalça sənətinin dünyada tanıdılmasında ona yeni uğurlar arzuladı.
Natiq K.Əliyevin yaradıcılıq yolundan danışaraq dedi ki, XX əsrdə Azərbaycan xalça sənətinin inkişafında iki böyük sənətkarın-Lətif Kərimovun və özünəməxsus dəst-xətti olan Kamil Əliyevin xüsusi xidmətləri vardır. Adı yaxın-uzaq ölkələrdə hörmətlə çəkilən Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənətini yeni pilləyə qaldırmış, xalça sənətinin incəliklərini qoruyub-saxlamaqla onu daha da zənginləşdirmiş, rəngarəng milli ornamentlər, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaratmış, özünün layiqli davamçılarını yetişdirmişdir.
Sənət adamlarının fikir mübadiləsi mərkəzinə çevrilmiş ilk şəxsi muzeyin yaradılması zərurətindən danışan Kamil Əliyev dedi ki, məqsəd paytaxtımızın qonaqlarının buraya gəlib, gənc rəssamlarımızın yaratdıqları milli-mənəvi sərvətimizi öz gözləri ilə görməsi, ölkələrinə qayıdarkən Azərbaycanda belə bir muzeyin mövcudluğundan xəbər vermələridir.
Yeni muzeyin yaradılmasını mədəniyyətimizə layiqli töhfə kimi qiymətləndirən sənət dostları Kamil Əliyevə yaradıcılıq uğurları arzuladılar.