REGİONLAR
Göyçay çayında selə qarşı mühafizə tədbirləri başa çatmaq üzrədir
Göyçay, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyevin “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mübarizə tədbirləri” haqqında Sərəncamına əsasən ayrılan vəsait hesabına Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri başa çatmaq üzrədir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göyçay Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihəyə əsasən Göyçay çayının məcrası 2,2 kilometr, kənd yaşayış məntəqələrini suvarma suyu ilə təmin edən Xan arxının məcrası 250 metr məsafədə dəyişdirilib, çayın üzərində avtonəqliyyat və piyadalar üçün yükgötürmə qabiliyyəti 80 ton olan yeni körpü keçidi inşa edilib. Növbəti mərhələdə Göyçay çayının Yuxarı Şirvan kanalı ilə kəsişən hissəsinə qədər olan məcrasında müxtəlif yerlərdə baraj-fiksator, sağ və sol sahillərdə 2190 metr məsafədə beton mühafizə divarları inşa ediləcək.
Layihə çərçivəsində qurğunun dayanıqlığının artırılması üçün də tədbirlər görülüb.