Göyçay rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Göyçay, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat verilmişdir.
Çıxış edənlər bildirmişlər ki, son illər Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq bir sıra ölkələrdə bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir.
Mərasim iştirakçıları Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildirmişlər.
Xocalı sakinləri çıxış edərək ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımından söz açmışlar. Qeyd edilmişdir ki, 21 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçilərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törətmişlər.
Bildirilmişdir ki, bu gün 30-dan çox ölkədə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir. Xocalı sakinləri bu gün Azərbaycanın 50 rayonunda məskunlaşmışlar.
Öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirən Xocalı sakinləri digər məcburi köçkünlərə də səbir və qətiyyət diləmişlər.
Görüşdə Xocalıdan olan məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində məcburi köçkünlərin iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.