REGİONLAR
Göyçayda 9 yaşayış məntəqəsini birləşdirən yolun təmirinə başlanılıb VİDEO
Bakı, 10 yanvar, AZƏRTAC
Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 kilometr)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, uzunluğu 42,35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir.
Hazırda layihə üzrə torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağının inşasına hazırlıq aparılır.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir. Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə istifadəyə veriləcək.