Göyçayda şənlik mərasimlərində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub
Bakı, 30 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Göyçay rayonunun Potu kəndində fəaliyyət fiziki şəxs Novruzov Şamil Çingiz oğluna məxsus “Bizim bağ” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Eyni zamanda, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda həmin saydan artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10 nəfərdən artıq ziyafət iştirakçısının əyləşdiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.