Göyçayın Qarabaqqal kəndində yeni inşa edilmiş müasir məktəb binası istifadəyə verilib VİDEO
Göyçay, 15 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Göyçay rayon Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta məktəbi sentyabrın 15-də istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatı Sabir Hacıyev, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabaqqal kəndindəki tam orta məktəbin 1939-cu ildə inşa olunmuş köhnə binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü və Elm və Təhsil Nazirliyinin sifarişi ilə müasir məktəb binası inşa edilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sabir Hacıyev bildirib ki, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu bır sıra proqramları icra edərək, ölkəmizdə bu sahəyə öz dəstəyini göstərir. Milli Məclisin deputatı ölkəmizdə həyata keçirilən təhsil siyasəti, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi haqqında danışıb.
Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev isə çıxışında deyib ki, Fondun inşa etdiyi, əsaslı təmir işləri apardığı təhsil kompleksləri tədrisin keyfiyyətini yüksəltmək məqsədinə xidmət edir. Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2004-cü ildən etibarən respublikamızın bütün regionlarında, dağlıq rayonlarda, ucqar kəndlərdə 500-dən çox məktəb binasının inşasını, yenidən qurulmasını və əsaslı təmir olunmasını təşkil edib. Müasir tələblərə cavab verən məktəb binaları tikilib və avadanlıqlarla təmin olunub. Bütün bunlar gənc nəslin savadlı böyüməsi üçün atılan addımlardır.
Tədbirdə digər çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov diqqətə çatdırıb ki, məktəb lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb. “Heydər Əliyev Fondunun Qarabaqqal kənd tam orta məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb. Fond ölkəmizin sosial iqtisadi inkişafında çox mühüm rol oynayır. Elm, təhsil, mədəniyyət, sosial və bir çox başqa sahələrdə fond tərəfindən uğurlu layihələr icra edilib. Bu sahələr ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir və təhsil də burada xüsusi rola malikdir. Buna görə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün təhsil işçiləri adından xüsusi təşəkkür edirəm”, - deyə idarə müdiri söyləyib.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.
Məktəbin direktoru Aqil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, köhnə binada müasir tələblərə cavab verən təlim-tədris proqramını həyata keçirmək üçün şərait yox idi. Yeni məktəb binasında isə bunun üçün bütün şərait yaradılıb: “Məktəbimizin əsas binası artıq istismar müddətini başa vurduğundan təhsil infrastrukturu çox zəif vəziyyətdə idi və tədrisin aparılmasına imkan vermirdi. Yeni bina müasir tələblərə və standartlara tam cavab verir. Hazırda məktəbimiz iki korpusdan ibarətdir. Biri örtülü idman zalı, digəri isə tədris üçün nəzərdə tutulmuşdur”.
Xatırladaq ki, yeni inşa edilən 3 mərtəbəli 2 korpusdan ibarət məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otağı, hərbi-hazırlıq otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, idman zalı və açıq idman meydançası var. Məktəb əyani vasitələrlə tam təchiz olunub. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, şəhid Hümmət İsmayılovun büstü qoyulub və kənd şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə kompleksi inşa edilib.