Göygöl rayonunun Quşqara kəndində maye qazdoldurma məntəqəsinin istismarı məhdudlaşdırılıb
Bakı, 3 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin müfəttişləri tərəfindən Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fərdi sahibkar Elşən Fəxrəddin oğlu Qoçuyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, dövri olaraq tam texniki müayinəsinin keçirilmədiyi, həmçinin tutumun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkarlanmış nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də, insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsindəki tutumun istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.