Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Göygöl, 27 may, E.Məmmədov, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Çaykənd kəndindəki fermaların birindən ümumi dəyəri 15 min 710 manat olan 67 baş xırdabuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı rayon sakinləri Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanovun qabaqcadan əlbir olaraq qrup şəklində fermanın qapısını sındıraraq mal-qaranı oğurladıqları, daha sonra Bərdə rayonuna apararaq satdıqları məlum olub.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.